"Rusiya qüvvələri Pokrovsk istiqamətində irəliləyir, bu isə Donbasın müdafiəsinə ciddi təhlükə yaradır..."
Şəhər mühasirədə - hər ev uğrunda döyüş
"The Telegraph" nəşrinin yazdığına görə, Rusiya ordusu itkilərə baxmayaraq, cəbhədə hücumlarını davam etdirir. Sosial şəbəkələrdə yayılan videolarda rus əsgərlərinin dumanın arxasında motosikllərlə və yüngül texnika ilə Pokrovsk istiqamətinə daxil olduqları görünür.
Nəşr yazır ki, bu görüntülər şəhərin mühüm dəmir yolu və nəqliyyat qovşağının düşmək ərəfəsində olduğu barədə narahatlıqları artırıb.
Pokrovsk artıq bir ildən çoxdur mühasirədədir və Donbasdakı ən ağır döyüşləri üzərinə götürüb.
Minlərlə döyüşün getdiyi min kilometrlik cəbhə xəttinin təxminən üçdə biri məhz bu ərazidə cəmlənib. Sovet dövründən qalan
çoxmərtəbəli binalar arasında küçə döyüşləri gedir, 60 minlik əhalidən yalnız bir neçə yüz nəfər qalıb.
Taktika, itkilər və dron müharibəsi
Analitiklər qeyd edir ki, Rusiya burada Baxmut taktikasını təkrarlayır - saysız-hesabsız piyada dalğaları, az ərazi qazancları və çoxlu itkilər. Oktyabrda rus ordusunun itkilərinin 25 min nəfərə çatdığı bildirilir. Qışın yaxınlaşması vəziyyəti daha da çətinləşdirir, çünki yarpaqsız sahələr dronlardan gizlənməyi mümkünsüz edir.
Ukrayna tərəfi bildirir ki, şəhərdə artıq rus əsgərlərinin sayı müdafiəçilərdən çoxdur. Kiçik diversiya qrupları iki-üç nəfərlik tərkibdə müdafiə xətlərindən keçərək şəhərə sızır, xaos yaradır və orada möhkəmlənərək mövqelərini genişləndirirlər. Təchizat yolları daralır, bəzi hissələr "butulka boğazı" kimi cəmi bir neçə kilometr enində qalır.
Qərar anı: qalmaq, yoxsa çıxmaq?
Ukrayna daxilində artıq Pokrovskdan planlı şəkildə geri çəkilmə məsələsi müzakirə olunur. Analitik və keçmiş UTX əməkdaşı İvan Stupak hesab edir ki, "şəhərin tam mühasirəyə alınması hələ baş verməyib, lakin təchizat demək olar ki, kəsilib". Onun sözlərinə görə, indi əsas məqsəd mənasız itkilərin qarşısını almaqdır: "Döyüş qərarlarını siyasətçilər deyil, hərbçilər verməlidir".
Əgər Ukrayna ordusu Pokrovsku tərk etməyə məcbur olsa, növbəti zərbə Mirnoqrada dəyəcək, bu isə Donbasın müdafiə xəttində yeni boşluqlar yaradacaq. "The Telegraph" xəbərdarlıq edir ki, şəhərin itirilməsi Rusiyaya şimal və qərb istiqamətində irəliləmək, həmçinin Putinə beynəlxalq səviyyədə "irəliləyiş görüntüsü" yaratmaq imkanı verəcək.