Bizi sosial şəbəkələrdən izləyin:
"Hazırda İran əhalisinin təxminən 10 faizi qida çatışmazlığı və aclıqdan əziyyət çəkir, mövcud vəziyyət davam edərsə, yoxsulların sayı ümumi əhalinin təxminən 40 faizinə çata bilər".
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə iranlı iqtisadçı Hüseyn Rağfər məlumat verib.
Ekspert İran əhalisinin təxminən 7 milyonunun qida çatışmazlığı ilə üzləşdiyini qeyd edib: “Bu insanlar bütün gəlirlərini ərzaq almağa xərcləsələr belə, yenə də kifayət qədər kalori qəbul edə bilmirlər”.
Rağfər bu vəziyyəti “təbəqələrin resurs və imkanlara çıxışındakı ayrı-seçkilik” adlandırıb:
“Bu gün görürük ki, kim hakimiyyət strukturuna daha yaxındırsa, daha çox resurs və fürsət əldə edir. Bir tərəfdə yoxsulluq artır, digər tərəfdə isə sistem daxilində nüfuz sahibi olan, çox kiçik, amma son dərəcə varlı bir təbəqə formalaşıb. Onlar siyasi qərarları öz maraqları istiqamətində dəyişdirirlər”.
İqtisadçı ölkədə hökm sürən aclığı Birinci Dünya müharibəsi dövründə İranda baş verən aclıqla müqayisə edib: “O vaxtkı fəlakət britaniyalıların məqsədli addımlarından qaynaqlanırdı, amma indiki aclıq axmaqlıq, tamah və xəyanət nəticəsində yaranıb”.
Hüseyn Rağfər xalqın bu duruma sonsuz müddətə dözməyəcəyini vurğulayıb: “Əgər düşünürlərsə ki, insanlar aclığa düçar olmalarına sonsuz tamaşa edəcəklər, yanlışdır. Bu vəziyyət davam etsə, sonda güclü ictimai reaksiyalarla nəticələnəcək”.
“Iran International”ın məlumatına görə, İranda qeydə alınan ölümlərin təxminən 35 faizi qidalanmadan qaynaqlanır.