Dünya
236
20:50, Bu gün

"Şoyqunun qəfil Qahirə səfəri: Moskva və Qahirə Qəzza üzrə atəşkəsin bərpasını tələb edir" - "Kommersant"

"Misir və Rusiya rəsmiləri Qəzza müharibəsi və humanitar böhranla yanaşı, həm də iri iqtisadi layihələri, o cümlədən Atom Elektrik Stansiyası və Süveyş zonasında Rusiya sənaye mərkəzini gündəmə gətirib..."

Gözlənilməz səfər və yüksək səviyyədə qəbul

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu gözlənilmədən Qahirəyə səfər edib. Onu şəxsən Misir prezidenti Abdül Fəttah əs-Sisi qəbul edib. Bundan əlavə, Şoyqu Misirin xarici işlər naziri Bədr Əbdulati, müdafiə naziri Əbdül Məcid Səkr, eləcə də təhlükəsizlik və kəşfiyyat strukturlarının rəhbərləri ilə danışıqlar aparıb.

Misir mətbuatı ("Aşark əl-Ausat"), Türkiyənin "Anadolu" agentliyi və Rusiyanın "Kommersant" nəşri yazır ki, görüşlərin əsas mövzusu siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi olub. Tərəflər ikitərəfli münasibətləri "kompleks strateji tərəfdaşlıq" kimi qiymətləndirib və əlaqələrin hər sahədə dərinləşdirilməsi barədə razılığa gəliblər. Şoyqu və əs-Sisi həmçinin ötən il may ayında Putinin dəvəti ilə Misir prezidentinin Moskvaya səfəri zamanı əldə edilən razılaşmaların icrasını müzakirə edib.

Süveyş kanalı zonasında Rusiya sənaye mərkəzi və Atom Elektrik Stansiyası

Danışıqların ən vacib mövzularından biri Süveyş kanalının iqtisadi zonasında Rusiyanın sənaye məhəlləsinin yaradılması olub. Layihə Rusiya Sənaye və Ticarət Nazirliyi ilə "VEB.RF" korporasiyasının birgə təşəbbüsüdür. Məqsəd rus şirkətlərinin istehsalını Misir ərazisində qurmaq və məhsulları Yaxın Şərq və Afrika bazarlarına çıxarmaqdır.

Bundan əlavə, tərəflər Misirin ilk Atom Elektrik Stansiyasının - "Əl-Dabaa" layihəsinin gedişatını müzakirə edib. Stansiya "Rosatom" tərəfindən Qahirədən təxminən 300 km şimal-qərbdə inşa edilir və bu layihə Misir üçün strateji enerji proqramı kimi qiymətləndirilir. Misir rəsmiləri bildirib ki, Moskva ilə əməkdaşlıq həm siyasi, həm ticarət, həm də investisiya sahəsində genişlənir və Misir Rusiyanın Afrikadakı ən böyük iqtisadi tərəfdaşına çevrilib.

Qəzza və Ukrayna - Moskva və Qahirənin diplomatik mesajları

Söhbət yalnız iqtisadi mövzularla məhdudlaşmayıb. Şoyqu və əs-Sisi Qəzza müharibəsini də müzakirə edib və hər iki tərəf "Şarm əl-Şeyx atəşkəsinin tam icrasını" tələb edib. Misir prezidenti bildirib ki, humanitar yardımın Qəzzaya maneəsiz çatdırılması və bombardmanların dayandırılması vacibdir. Danışıqlarda əsas vurğu iki dövlətli həllə - müstəqil Fələstin dövlətinin yaradılmasına edilib: "Bu, bölgədə ədalətli və uzunmüddətli sülhə nail olmağın yeganə yoludur".

Əs-Sisi ayrıca qeyd edib ki, Misir Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli istiqamətində bütün təşəbbüsləri dəstəkləyir. Misirin keçmiş səfiri və Xarici Əlaqələr Şurasının rəhbərliyinin nümayəndəsi İzzət Saad isə bildirib ki, bu səfər iki ölkənin münasibətlərinin "çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə: çatmasının göstəricisidir.

Şoyqunun Qahirə səfəri təsadüfi yox, Moskvanın Yaxın Şərqdə mövqelərini gücləndirmək cəhdinin tərkib hissəsi kimi görünür. Misir isə həm regional müstəvidə, həm də böyük iqtisadi layihələrdə Rusiyanı mühüm tərəfdaş hesab edir. Qəzza, Ukrayna və böyük investisiya razılaşmalarının eyni masa ətrafında müzakirə olunması isə bu əlaqələrin artıq sırf iqtisadi deyil, geosiyasi xarakter aldığını göstərir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər