İsveçin Vekşö şəhərində Mühacirlər evi qarşısında qoyulmuş "Mühacirlər" adlı tunc heykəl oğurlanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Smålandsposten" nəşri yazıb.
Bildirilir ki, isveçli heykəltəraş Karl Millesin əsəri olan heykəlin yoxa çıxdığını noyabrın 11-də səhər saatlarında Smoland Mədəniyyət Parkının direktoru Lennart Yohansson aşkar edib.
Onun fikrincə, oğrular heykəli bütöv şəkildə satmayacaqlar, əridərək reallaşdıracaqlar. Lakin "Mühacirlər" misdən deyil, tuncdan olduğu üçün elə də böyük gəlir əldə edə bilməyəcəklər.
125 kiloqramlıq heykəl 1940-cı ildə yaradılıb. O, böyük bir balığın belində oturmuş yeddi nəfəri təsvir edir. Fiqur isveçlilərin XIX əsrin ortalarından 1920-ci illərin əvvəllərinə qədər ABŞ-yə miqrasiyasını təcəssüm etdirir.
Yohansson bildirib ki, Millesin əsərləri İsveçdə tez-tez oğurluq obyektinə çevrilir. Məsələn, ötən ilin aprelində Yevle şəhərindəki xəstəxanadan və Trelleborqdakı hovuzdan bir-birinin eyni olan "Günəş parıltısı" heykəlləri oğurlanıb.
Maraqlıdır ki, "Mühacirlər"in tökmə formasının sahibi olan "Millesqorden" muzey-parkı bu əsərin daha altı orijinalını hazırlamağı planlaşdırır.