"Vaşinqton qətnamədən "Rusiya işğalı" və "Ukraynanın ərazi bütövlüyü" kimi müddəaları çıxarmaq istəyir. Bu, beynəlxalq konsensusun dağılması və Kremlə səhv siqnal verilməsi demək ola bilər..."
Vaşinqton qətnamənin mətnini dəyişmək istəyir
"Kyiv Post" nəşri yazır ki, Donald Tramp administrasiyası BMT-nin Baş Assambleyasına təqdim olunan Ukrayna ilə bağlı illik qətnamənin mətnində əsas dəyişikliklər tələb edir. Söhbət "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində insan haqlarının vəziyyəti" adlı sənəddən gedir. Bu sənəd hər il Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyir, Rusiyanın işğal etdiyi ərazilərdə törətdiyi cinayətləri sənədləşdirir. Ötən il qətnaməni ABŞ da daxil olmaqla 78 ölkə dəstəkləmişdi.
Diplomatların sözlərinə görə, ABŞ bu dəfə sənəddən "Rusiya işğalı", "təcavüz" və "ərazi bütövlüyü" kimi formulyarları çıxarmaq istəyir. Yerinə daha neytral ifadə təklif olunur - "Ukraynada müharibə". Qərb diplomatı "Kyiv Post"-a deyib ki, ABŞ-ın bu mövqeyi Vaşinqtonun Ukraynanın əsas maraqlarından diplomatik olaraq uzaqlaşdığının növbəti nümunəsidir.
"Bu, Kremlə siqnal olacaq"
Ukraynanın Avropa tərəfdaşları ABŞ-ın bu qərarından ciddi narahatdır. Onlar xəbərdarlıq edir ki, sənəddən bu ifadələrin çıxarılması BMT-nin Rusiyanın işğalını qeyri-qanuni kimi tanıdığı mövqeni zəiflədə bilər. Bir Avropa diplomatı belə deyib: Ukraynanın tərəfdaşları hesab edir ki, sənəddəki ifadələrin yumşaldılması Kremlin xeyrinə olacaq və dünyanın Ukrayna məsələsində birləşmiş siyasi iradəsini sarsıdacaq. Onların fikrincə, məsələ yalnız terminologiya deyil, beynəlxalq hüquqi çərçivənin qorunmasıdır.
Qətnamə hüquqi sübut kimi istifadə olunur və BCM üçün baza rolunu oynayır
Qətnamə yaxın həftələrdə BMT Baş Assambleyasının III komitəsində səsverməyə çıxarılacaq. Bu sənəd yalnız siyasi bəyanat deyil - o, gələcək beynəlxalq araşdırmalar üçün hüquqi baza yaradır. Qətnamə Rusiyanın işğal etdiyi ərazilərdə insan haqları pozuntularını sənədləşdirir və Cinayət Məhkəməsi üçün sübut materialı kimi çıxış edir.
Məhz bu kontekstdə həmin gün BMT-nin müstəqil araşdırma komissiyasının yeni hesabatı dərc olunub. Komissiyanın sədri Erik Myöze bəyan edib ki, rus qoşunları işğal altındakı Ukrayna ərazilərində sistematik şəkildə insanlığa qarşı cinayətlər - deportasiya, zorla köçürmə, qətllər və mədəni kimliyin məhv edilməsi məqsədi daşıyan zorakı tədbirlər törədir.
Qərb diplomatları hesab edir ki, ABŞ-ın mövqeyi dəyişərsə, bu, dünya siyasətində yeni dönəm olacaq - Rusiyanın işğalı artıq qeyri-qanuni akt kimi deyil, "mətndə yumşaldılmış hadisə" kimi təqdim edilə bilər.
ABŞ-ın Ukrayna kursu: son açıqlamalar
Xatırladaq ki, bir qədər əvvəl Donald Tramp bəyan edib ki, ABŞ "artıq Ukraynaya pul xərcləmir", əksinə, NATO vasitəsilə silah satışından qazanc götürür. Onun sözləri belə səslənib: "Biz 350 milyard dollar itirdik. Artıq pul xərcləmirik - indi onlar bizə, NATO vasitəsilə ödəyirlər".
ABŞ-ın BMT qətnaməsinə dəyişiklik tələbi Ukrayna üçün təkcə diplomatik deyil, həm də hüquqi risk yaradır. Əgər sənəddən "işğal" və "ərazi bütövlüyü" kimi anlayışlar çıxarılarsa, bu, beynəlxalq arenada Rusiyada böyük siyasi dividendlər yarada bilər və Ukraynanın dəstək çərçivəsini zəiflədə bilər.