Böyük Britaniyanın Darem qraflığında körpə ana bətnində əlini itirib.
Moderator.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
Valideynlər — 30 yaşlı Tom Nobl və 33 yaşlı Feyt Riçmond — hamiləliyin 15-ci həftəsində keçirilən planlı ultrasəs müayinəsi zamanı bu nadir anomaliya barədə məlumat alıblar. Həkimlər bildiriblər ki, körpə sol əlinin bilək hissəsindən məhrum olub və bu, “amniotik peretaj sindromu” ilə əlaqədardır.
Amniotik kisənin lifli toxuması elastikliyini itirərək dölün ətrafını sıxıb və nəticədə sol əlin bətndə ikən öz-özünə amputasiyası baş verib. Hadisə tibbi cəhətdən olduqca nadir sayılır.
Körpənin valideynləri bildirib ki, adını Ezra qoyduqları oğulları sağlam və xoşbəxt doğulub.
“Biz istəmirik ki, onun əlinin olmaması gələcəyinin qarşısını alsın. Əminəm ki, bu, onu heç vaxt dayandırmayacaq,” – deyə ata Tom Nobl vurğulayıb.