"NATO potensial düşmənləri inandırıcı şəkildə çəkindirmək məqsədi ilə gələcəkdə öz nüvə potensialını daha da artırmaq niyyətindədir".
Moderator.az xəbər verir ki, bunu Alyansın baş katibi Mark Rütte Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bəyan edib.
"Nüvə çəkindirməsi barəsində öz cəmiyyətlərimizlə daha çox danışmalıyıq. Onlar bunun bizim ümumi təhlükəsizliyimizə necə kömək edəcəyini başa düşməlidirlər", - deyə baş katib bildirib.
Rüttenin fikrincə, NATO ölkələrinin əhalisi təhlükəli və kobud nüvə ritorikanın səsləndiyi bir vaxtda başa düşməlidir ki, təşvişə heç bir səbəb yoxdur, alyans bu sahədə yetərincə potensiala malikdir.
"NATO-nun nüvə çəkindirməsi təhlükəsizliyimizin mükəmməl qarantıdır", - deyə Rütte vurğulayıb. O əlavə edib ki, nüvə çəkindirməsi etimada layiq, etibarlı və effektiv olaraq qalmalıdır, lakin başa düşülməlidir ki, nüvə müharibəsi nə qazanıla, nə də aparıla bilər.
Rütte NATO-nun oktyabrda keçirilmiş ənənəvi "Steadfast Noon" nüvə çəkindirmə təlimlərinə toxunaraq bəyan edib ki, bu təlimlər bütün düşmənlərə belə bir aydın mesaj olub: NATO öz tərəfdaşlarını bütün təhdidlərdən qoruya bilər.