"Kainatın genişlənməsi dayanır: alimlər əks "Böyük partlayış" ssenarisini müzakirə edir..."
Cənubi Koreyanın Yonse Universitetinin alimləri Kainatın hazırda sürətlənərək genişlənməsi ilə bağlı qəbul edilmiş nəzəriyyəni sarsıdan nəticəyə gəliblər. "Zakon.kz" nəşrinin yazdığına görə, astrofiziklər təxminən 300 qalaktikanın yaşını və ulduzların xüsusiyyətlərini araşdıraraq müəyyən edib ki, erkən Kainatda supernova partlayışları daha zəif olub.
Bu müşahidə məkanın genişlənmə sürətinin əvvəllər güman edildiyi kimi artmadığını, əksinə, getdikcə zəiflədiyini göstərir. Nəticələr "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub. Tədqiqatın rəhbəri, professor Yanq-Vuk Li bildirir ki, əldə olunan məlumatlar qaranlıq enerjinin əvvəlki modellərdə təsəvvür edildiyindən daha sürətlə dəyişdiyini göstərir.
Bu isə belə bir ssenarini mümkün edir: indiki genişlənmə prosesi dayanacaq və kosmos geri sıxılmağa başlayacaq. Bu, əks "Böyük partlayış"və ya "böyük sıxılma" adlanır. Bu nəzəriyyəyə görə, Kainat gələcəkdə ilkin halına qayıda, daha sonra yenidən genişlənmə mərhələsinə keçə bilər. Başqa sözlə, kosmos birdəfəlik yaranmayıb - o, dövri şəkildə genişlənə və darala bilər.
Qara dəliklərin sürətli böyümə sirri: xaos yox, nizamlı proses
İkinci araşdırma Kainatın doğuluşundan qısa müddət sonra yaranmış superkütləli qara dəliklərin necə bu qədər nəhəng ölçülərə çatdığını izah edir. Uzun müddət belə hesab edilibki, bu obyektlər ətrafdakı maddəni nizamsız şəkildə udaraq ölçülərini artırıblar. Lakin Çinin Çjetszyan Universitetindən Ziyonq Vunun rəhbərlik etdiyi beynəlxalq elmi qrupun apardığı simulyasiyalar göstərib ki, proses iki mərhələdən ibarət olub.
Əvvəlcə qara dəliyin kütləsi təxminən min Günəş kütləsi olur və qısa, lakin son dərəcə intensiv udulma mərhələsi başlayır. Bu mərhələdə maddə Edington həddindən təxminən üç dəfə artıq sürətlə udulur. Cəmi bir neçə on milyon il ərzində qara dəliyin kütləsi on mindən yüz min Günəş kütləsinə qədər artır. Daha sonra ətrafdakı qaz qızır, mərkəzdən uzaqlaşır və qara dəlik maddə udmaq imkanını itirir. Bu mərhələdən sonra böyümə ləngisə də, uzunmüddətli baxışdan ən effektiv nəticə verir.
Araşdırma göstərir ki, qara dəliklərin ölçüləri onların ən erkən dövrdə necə böyüdüyündən deyil, sonrakı yüz milyon illər boyunca sabit şəkildə maddə qəbul etməsindən asılıdır. Bu model "James Webb" teleskopunun artıq müşahidə etdiyi superkütləli qara dəliklərin yaranmasını izah etməyə imkan verir.
Kainat düşündüyümüzdən daha dinamikdir
Hər iki araşdırma Kainatın təkamülü ilə bağlı qəbul edilmiş təsəvvürlərə yenidən baxılmalı olduğunu göstərir. Bir tərəfdən genişlənmə prosesi artıq əvvəlki kimi sürətli getmir və gələcəkdə kosmosun geri çökə biləcəyi ehtimal edilir.
Digər tərəfdən Kainatın ən sirli obyektləri olan qara dəliklər xaotik şəkildə yox, nizamlı və mərhələli proseslə böyüyür. Bu nəticələr kainatın nə demək olduğunu yenidən anlamağa yaxınlaşdırır: o, təkamül edən, dəyişən və bəlkə də sonsuz dövrlər boyunca genişlənmə ilə daralma arasında yellənən canlı sistemdir.