Dünya
226
14:50, Bu gün

"Tramp Orbanla görüşdən sonra geri çəkildi - ABŞ hələlik Macarıstana qarşı enerji sanksiyası tətbiq etməyəcək" - BBC

"Enerji təkcə iqtisadi məsələ deyil, Avropanın siyasi gələcəyi bu kəmərlərin hansı istiqamətdə axacağına bağlıdır..."

Macarıstan Rusiyaya qarşı sanksiyalardan istisna olunur

BBC nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Macarıstan baş naziri Viktor Orbanla görüşdən sonra Macarıstana qarşı Rusiya nefti və qazı ilə bağlı sanksiyaları tətbiq etməməyi qəbul edib. Orban bildirib ki, Tramp ona "Drujba" və "Türk axını" kəmərləri üzrə tam istisna verdiyini deyib. Ağ Evdəki mənbə də sanksiyaların müvəqqəti olaraq təxirə salındığını təsdiqləyib.

Tramp danışıqlar öncəsi qeyd edib ki, Macarıstanın enerji alternativləri məhduddur, çünki ölkənin dənizə çıxışı yoxdur və başqa mənbələrdən neft almaq çətindir. Orban isə izah edib ki, Rusiyadan imtina etmək Macarıstan iqtisadiyyatı üçün dağıdıcı nəticələrə gətirəcək.

2024-cü ildən Macarıstanın neft tələbatının artıq 80 faizi Rusiyadan gəlir. Qaz isə "Türk axını" ilə tədarük olunur. Orban alternativ kimi Adriatik dənizi istiqamətində olan kəməri göstərsə də, onun gücü kifayət deyil. Maraqlıdır ki, Macarıstanın "MoL" enerji şirkəti eyni gün açıqlayıb ki, texniki və logistika xərcləri artsa belə, Rusiyadan asılılığı azalda biləcək alternativ neft tədarükü mümkündür.

"Rusiya nefti Avropada olmayacaq - biz buna imkan verməyəcəyik"

Tramp-Orban görüşünə sərt reaksiya verən Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Avropanın Rusiya neftindən tam imtinasına nail olacaq. Onun sözlərinə görə, bu, yalnız siyasi qərar deyil, həm də müharibə strategiyasının bir hissəsidir.

Zelenski qeyd edib ki, bəzi ölkələr Rusiya enerji resurslarından siyasi alət kimi istifadə edir. O, Orbanın adını çəkmədən bildirib ki, Macarıstanın Ukrayna əleyhinə seçimləri seçim deyil, seçki kampaniyasına hesablanmış populizmdir. Zelenskinin yekun mesajı belədir: Rusiyanın qaz və neftdən qazancı azalmalıdır. Müharibənin qiyməti Moskva üçün iqtisadi olmalıdır.

Orban Rusiya ilə dostluqdan əl çəkmir, Tramp balans saxlayır

Orban Qərbdə Kremllə ən yaxın əlaqələri saxlayan yeganə liderdir. O, Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasını dəfələrlə bloklayıb və Brüsseli ucuz Rusiya enerjisindən imtina etməkdə "düşüncəsizlikdə" günahlandırır. BBC analitiklərinə görə, Orban Rusiyadan enerji asılılığını üç məqsəd üçün istifadə edir: Brüsseli təzyiq altında saxlamaq, Moskva ilə münasibətləri qorumaq, seçicilərinə "ucuz enerji" vədi ilə seçkilərdə üstünlük qazanmaq.

Tramp isə görüşdə Ukrayna müharibəsinin bitməli olduğunu, lakin Rusiyanın hələ "rahatlıqla sülhə getməyə hazır olmadığını" deyib. O, Putinlə mümkün görüş barədə də danışıb: əgər görüş olarsa, Budapeştdə keçirməyə hazırdır.

Danışıqlardan sonra ortaya çıxan mənzərə belədir: Macarıstan Rusiya nefti və qazını almağa davam edir. ABŞ hələlik sanksiyaları tətbiq etmir, siyasi manevr üçün vaxt qazanır. Ukrayna isə bu asılılığı sındırmağı öz strateji hədəfi hesab edir. Enerji təkcə iqtisadi məsələ deyil, Avropanın siyasi gələcəyi bu kəmərlərin hansı istiqamətdə axacağına bağlıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər