"Moskva həm cəbhədə, həm də enerji infrastrukturu üzərində hücumları gücləndirir, lakin Rusiya heç nə əldə etməyəcək..."
Gecə hücumları və nəticələr - enerji infrastrukturu hədəfdədir
Ukrayna mediasının yazdığına görə, 8 noyabr gecəsi Rusiya Ukraynaya 450-dən çox kamikadze dronu və 45 raket buraxdı. Hədəf yaşayış binaları, enerji infrastrukturu və sənaye obyektləri olub. Dneprdə çoxmərtəbəli binaya endirilən zərbə nəticəsində ölənlər və yaralananlar var, xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışır.
Prezident Zelenski bildirib ki, Rusiyanın bu cür hücumları davam etdirməsi yalnız maliyyə və resurs imkanına görə mümkündür. Ona görə də Kiyev tərəfdaşlardan daha sərt məhdudiyyətlər gözləyir. Zelenskini fikrincə, hər enerji obyektinə zərbənin qarşılığı Rusiyanın enerji sektoruna yeni sanksiyalar olmalıdır.
Ukrayna lideri qeyd edib ki, hələ də Rusiya atom energetikası sanksiyalardan kənardadır və Rusiya hərbi sənayesi Qərb mikroelektronikasından istifadə etməyə davam edir.
Cəbhədə vəziyyət və itkilər - "rekord ay"
Zelenski bəyan edib ki, təkcə oktyabr ayında dronlar vasitəsilə 25 min rusiyalı hərbçi məhv edilib. Videofaktı olmayanlarla birlikdə bu rəqəmin 27-28 minə çatdığı deyilir. Bu, müharibə başlayandan bəri ən böyük aylıq itki hesab olunur.
Pokrovsk istiqamətində vəziyyət xüsusilə ağırdır. Zelenskinin dediyinə görə, Rusiyanın əsas məqsədi Pokrovsku mümkün qədər tez ələ keçirməkdir. Sutka ərzində şəhər istiqamətində 220 hücum edilib. Rusiya qoşunları artıq şəhər daxilinə infiltrasiya etməyə başlayıb.
Zelenski hesab edir ki, Moskva Pokrovskda uğur əldə etməklə Qərbi şantaj etmək və sanksiya paketlərini gecikdirmək istəyir. Digər istiqamətlərdə Ukraynanın da irəliləyişi var: Kupyanskda 1100-1200 metr hərəkət, Seversk və Kramatorsk istiqamətində isə rusiya hücumlarının qarşısı alınıb.
Rusiya neftinin Avropaya satışı və siyasi təzyiq - Zelenskidən Orbana cavab
ABŞ-da keçirilən Tramp-Orban görüşü fonunda Zelenski deyib ki, Macarıstan baş naziri Viktor Orban Rusiyadan enerji asılılığını qorumağa çalışır. Lakin Ukrayna buna imkan verməyəcək.
Zelenski bildirib ki, Ukrayna Rusiya neftinin Avropaya satışının qarşısını almağa qərarlıdır və heç bir siyasi təzyiq bu mövqeyi dəyişməyəcək. O, həmçinin vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına üzvlük yolu heç vaxt dayandırılmayacaq - nə Rusiya, nə də hansısa ölkə lideri prosesə mane ola bilər.
Zelenski üç paralel cəbhədə mübarizə aparır: Hərbi cəbhədə dronlar vasitəsilə rus qoşunlarına zərbə vurulur. Enerji cəbhəsində Rusiya qış ərəfəsində Ukraynanın elektrik infrastrukturunu hədəfə alır. Diplomatik müstəvidə Kiyev sanksiyaların sərtləşdirilməsini və Rusiyanın enerji gəlirlərinin kəsilməsini tələb edir.
Prezidentin əsas mesajı belədir: Ukrayna geri çəkilməyəcək və Rusiya nə Pokrovskda, nə də Avropada enerji ilə şantajda nəticə əldə edə bilməyəcək.