Dünya
298
07 Nov 2025 | 23:50

"Yerin "rentgeni" mümkün olmayanı göstərib: Sfinksin altında gizli otaq tapılıb" - "Deutsche Welle"

"Yeni geofiziki skanlar Gizadakı Sfinks və Böyük piramidaların altında əvvəllər məlum olmayan quruluşu ortaya çıxarıb. Bu barədə Rusiyanın "dw.com" nəşri yazıb.

Yerin "rentgeni"- texnologiya minillik sirri açır

Giza nekropolu dünyanın ən araşdırılmış arxeoloji ərazilərindən biri hesab edilir. Amma görünür qumun altında hələ də gizli sirlər var. "Deutsche Welle" nəşrinin yazdığına görə, alimlər Sfinksin yaxınlığında - piramidaların ətəyində yeraltı anomaliya aşkarlayıb. Bu obyektin strukturu təbii deyil və onun qədim dəfn kamerası ola biləcəyi ehtimal edilir.

Tədqiqat zamanı arxeoloqlar artıq ənənəvi kərpic və fırça ilə deyil, yüksək dəqiqlikli geofiziki skanlarla işləyir. Bu texnologiyalar - georadar, elektrik tomoqrafiyası (ERT) və maqnit ölçmələri torpaq qatlarına toxunmadan onların altında nələrin gizləndiyini üçölçülü xəritə şəklində göstərir. Bir sözlə, elm "Yerə rentgen" edir.

Gizadakı yeraltı struktur: bilinməyən otaq

Yaponiyanın Hiqaşi Nippon və Toxoku universitetləri, eləcə də Misirin NRIAG elmi institutu Gizanı skan edərkən qeyri-adi siqnallar alıb. Ölçmələr iki quruluş göstərib: təxminən 2 metr dərinlikdə L formalı keçid, onun altında, təxminən 10 metr dərinlikdə təqribən 10×10 metr ölçüdə böyük kamera.

Alimlərin ehtimalına görə, yuxarı keçid əsas kameraya aparan giriş ola bilər. Təqdiqatçıların fikrincə, ölçmələr süni arxitektura elementlərinə uyğun gəlir  - bu strukturun təbii mənşəli olma ehtimalı çox azdır. Hətta bəzi arxeoloqlar bunun kral ailəsinə yaxın şəxslərdən birinin itirilmiş dəfn otağı ola biləcəyini deyir.

Arxeologiya artıq dağıtmadan araşdırır

Müasir metodlar əvvəlki kimi illərlə qazıntı aparmağa ehtiyac qoymur. Georadar torpaq qatlarından əks olunan siqnallarla boşluqları müəyyənləşdirir, ERT isə elektrik müqavimətinə görə divar və keçidləri aşkar edir. Bütün məlumatlar kompüterdə 3D model kimi birləşdirilir, yalnız bundan sonra qazıntı aparmaq barədə qərar verilir. Bu yanaşma iki şeyi təmin edir: abidələrin zədələnməməsi, dəqiq nəticə və daha az risk.

Tarix yenidən yazıla bilər

Əgər tapılan quruluş həqiqətən də qədim dəfn kompleksi çıxarsa, bu, son illərin ən böyük arxeoloji kəşflərindən biri olacaq. Giza nekropolu yenidən dünyanı heyrətləndirə bilər - min illərdir qumun altında gizlənmiş hekayə indi texnologiyanın gücü ilə üzə çıxır.

Link kopyalandı!
Son xəbərlər