"Tehran dialoqa maraq göstərir, lakin nüvə böhranı fonunda qərar hələ verilməyib..."
ABŞ və İran arasında yeni siqnal
Qərb mediasının, xüsusilə "Reuters" və digər nəşrlərin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Tehran tərəfindən sanksiyaların götürülməsi barədə müraciət daxil olduğunu açıqlayıb. Tramp bu bəyanatı noyabrən 6-da Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüş zamanı səsləndirib. Onun sözlərinə görə, İran hazırda ABŞ-ın çox sərt sanksiyaları altında fəaliyyət göstərir və bu məhdudiyyətlər ölkənin iqtisadi və siyasi manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Tramp bildirib ki, "İran soruşur ki, sanksiyaları qaldırmaq olarmı?" və əlavə edib: "Mən onları dinləməyə hazıram. Görək nə olacaq, mən dialoqa açığam". Mətbuat isə hələlik sual edir: Tehran rəsmi müraciət göndərib, yoxsa söhbət yalnız qeyri-formal siqnallardan gedir?
İrana təzyiq, regionda gərginlik və atəşkəs cəhdi
ABŞ administrasiyası bu ilin əvvəlində İrana qarşı "maksimum təzyiq" strategiyasını yenidən işə salıb. Məqsəd - İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və neft ixracını minimuma endirməkdir. Bu strategiya ilə paralel olaraq bölgədə gərginlik dramatik şəkildə artır.
İyunin 13-də İsrail İrana qarşı hərbi əməliyyata başlayır. İran cavab zərbələri endirir. İyunun 22-də ABŞ İranın İsfahan, Natanz və Fordo şəhərlərindəki nüvə obyektlərinə zərbə vurur. Sonra İran Qətərdəki "Əl-Udeyd" ABŞ aviabazasını hədəfə alır. İyunun 24-də tərəflər atəşkəsə razılaşır. Bu fon hələ davam edərkən, İran rəsmiləri açıq şəkildə bildirir ki, ölkə dialoqa hazırdır, lakin Qərb onların "qanuni hüquqlarını" tanımalıdır.
Tehran dialoqa açıqdır, amma şərtlər qoyur
İranın ali lideri Əli Xamenei bir neçə gün əvvəl Vaşinqtonla dialoqun yalnız üç şərtlə mümkün olduğunu bildirib: ABŞ İsrailə dəstəyi dayandırmalı, Yaxın Şərqdən bütün hərbi bazalarını çıxarmalı və İranın daxili işlərinə qarışmamalıdır. Rəsmi Tehran eyni zamanda bildirir ki, nüvə silahı hazırlamaq niyyətində deyil və bu mövqe "humanist səbəblərlə" əsaslandırılır.
2025-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda bəzi obyektlərin deklarasiya edilmədiyini açıqlayıb və bu, Qərbin şübhələrini daha da artırıb. Beləliklə, Vaşinqton və Tehran arasında əlaqə kanalları açıqdır, tərəflər danışıqların mümkünlüyünü istisna etmir, lakin sanksiyaların taleyi hələlik yalnız bir sual üzərində dayanır: Tramp dinləyəcək, amma güzəştə gedəcəkmi?