ABŞ-də spirtli içki qəbulunun əleyhinə kitab yazan, amma özü sərxoş halda ağır avtomobil qəzası törədən şəxsin məhkəməsi davam edir.
Moderator.az-ın məlumatına görə, bu barədə "People" məlumat yayıb.
Qeyd edilir ki, hadisə ABŞ-nin Müstəqillik günündə, 4 iyul 2024-cü ildə baş verib: 46 yaşlı Daniel Hayden öz "pikap" tipli maşını ilə Manhettendəki parkda hasara çırpılıb və 11 nəfəri vurub. Kişinin avtomobili saatda 90 kilometr sürətlə hərəkət edib. Həkimlər dörd nəfəri xilas edə bilməyiblər. Hayden hadisə yerindəcə saxlanılıb. O, güclü alkoqol sərxoşluğu vəziyyətində olub.
Tezliklə məlum olub ki, hadisəni tərədən kişi asılılıqları olan və evsiz insanlara kömək edən müxtəlif layihələrdə işləyib. Bundan əlavə, o özü "The Sober Addict" ("Ayıq alkoqolik") adlı, içki əleyhinə kitabın müəllifi olub.
Kitabda Hayden onu da yazıbmış ki, indi içkini tərgidib, daha əvvəllər isə tez-tez sərxoş halda sükan arxasına keçirmiş və küçədəki insanların həyatı üçün təhlükə yaradırmış.
İstintaq zamanı məlum olub ki, kişi avtomobili insan kütləsinə çırpmasına yarım saniyə qalmış əyləci basıb. Bundan əlavə, həddindən artıq sərxoş olduğu üçün Haydenin hadisə yerinə yaxın bir iaşə obyektinə buraxılmadığını göstərən müşahidə kameralarının qeydləri də aşkar edilib.
Noyabrın 3-də keçirilən məhkəmədə kişi dörd nəfərin ölümündə təqsirli bilinib. Yekun hökm isə dekabrın 3-da çıxarılacaq. Ona ömürlük həbs cəzası verilə bilər.