Dünya
392
07 Nov 2025 | 21:00

"BMT Təhlükəsizlik Şurası Suriya prezidentindən sanksiyaları götürüb" - "Deutsche Welle"

"ABŞ-ın təqdim etdiyi qətnamə ilə Suriyanın keçid dövrü prezidenti və daxili işlər naziri beynəlxalq məhdudiyyətlərdən çıxarılıb..."

ABŞ-ın təqdim etdiyi qətnamə qəbul edilib

"BMT-nin rəsmi saytının məlumatına görə, Təhlükəsizlik Şurası Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa və daxili işlər naziri Anas Xəttab barəsindəki sanksiyaları ləğv edib. Onların adları əvvəl İŞİD və "Əl-Qaidə" ilə bağlı beynəlxalq sanksiya siyahısında olub. Məlumatı "dw.com" nəşri yayıb.

Qətnaməni ABŞ irəli sürüb və Şuranın 15 üzvündən 14-ü, o cümlədən Rusiya sənədin lehinə səs verib. Çin isə bitərəf qalıb. Qətnamədə Suriyanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə hörmət xüsusi vurğulanır.

Böyük Britaniya, Fransa, Rusiya və Pakistan nümayəndələri bunu Suriya iqtisadiyyatının bərpası yolunda mühüm addım kimi qiymətləndirib. Dəməşq isə sanksiyaların götürülməsini "yeni rəhbərliyə artan etimad" və ölkənin beynəlxalq arenaya qayıtması üçün imkan kimi dəyərləndirib.

Şaraa ilk dəfə Vaşinqtona gedir

Suriyanın yeni prezidenti Əhməd əl-Şaraa noyabrın 10-da ilk dəfə Vaşinqtona səfər etməyi planlaşdırır. ABŞ prezidenti Donald Tramp ilə görüşdə Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyaya qoşulması barədə saziş imzalayacağı gözlənilir.

"Reuters"in məlumatına görə, bu səfər BMT sanksiyaları ləğv etməsə belə, baş tutacaqdı, çünki Təhlükəsizlik Şurasının sanksiya komitəsi əvvəlki aylarda Şaraaya səfər icazəsi verib.

ABŞ artıq bir neçə aydır Şura üzvlərini Suriyaya tətbiq edilən sanksiyaları yumşaltmağa çağırıb. May ayında Tramp Vaşinqtonun Suriya siyasətində ciddi dəyişiklik etdiyini açıqlayaraq, ABŞ-ın tətbiq etdiyi iqtisadi məhdudiyyətləri götürdüyünü bəyan edib.

Əhməd əl-Şaraa "Əl-Qaidə"nin sabiq komandiri olub

Əhməd əl-Şaraa 2024-cü ilin sonunda Bəşər Əsədi devirməklə hakimiyyətə gəlib. O, əvvəllər Məhəmməd əl-Colani adı ilə tanınıb və 2003-cü ildə ABŞ-a qarşı döyüşmək üçün Əl-Qaidənin İraq qanadına qoşulub. 2006-cı ildə ABŞ ordusu tərəfindən həbs edilib və beş il İraq həbsxanalarında qalıb. 

2011-də azadlığa çıxdıqdan sonra "Cəbhət ən-Nusra" adlı təşkilatı qurub, bu, Suriya üzrə Əl-Qaidənin filialı idi. Sonradan hərəkat İŞİD ilə əməkdaşlıq edib. 2017-ci ildə təşkilat "Heyət Təhrir əş-Şam" adı ilə yenidən formalaşdırılıb. Məqsəd - Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq olub.

Link kopyalandı!
Son xəbərlər