Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qərb və Ukrayna KİV-in xarici işlər naziri Sergey Lavrovun dövlət başçısının rəğbətini itirməsi barədə məlumatlarını təkzib edib.
Moderator.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
"Bu məlumatlarda heç bir şey həqiqətə uyğun deyil", - deyə o, brifinqdə sualı cavablandırarkən bildirib.
Peskov qəzetlərin bu cür bəyanatlarını tam yalan adlandırıb. O vurğulayıb ki, Lavrov xarici işlər naziri vəzifəsini yerinə yetirməyə davam edir. Onun sözlərinə görə, XİN rəhbərinə etibarın itirilməsi barədə danışmağa heç bir əsas yoxdur.
Qeyd edək ki, KİV-də bu cür nəşrlərə səbəb Lavrovun noyabrın 5-də Rusiya prezidentinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclasda iştirak etməməsi olub. Bəzi nəşrlər bunu onun G20 sammitində Rusiya nümayəndə heyətinin tərkibindən çıxarılması ilə bağlı ola biləcəyini ehtimal ediblər.