Qazaxıstanın “İbrahim Sazişi”nə qoşulmasının pərdəarxası  - Yaxın Şərqdən Mərkəzi Asiyaya uzanan diplomatik oyun
Dünya
670
15:42, Bu gün

Qazaxıstanın “İbrahim Sazişi”nə qoşulmasının pərdəarxası  - Yaxın Şərqdən Mərkəzi Asiyaya uzanan diplomatik oyun

ABŞ Prezidenti Donald Tramp Qazaxıstanın “İbrahim Sazişləri”nə rəsmən qoşulduğunu açıqlayıb. Bu bəyanat Vaşinqtonun Orta Şərq diplomatiyasında yaratdığı yeni siyasi xəttin daha bir dövlət tərəfindən qəbul edildiyini göstərir. Azərbaycanın da sazişə qoşulacağı ilə bağlı ehtimallar gündəmə gəlib.  Qlobal miqyasda “İbrahim Sazişləri”nin genişlənməsi hansı yeni bloklaşma tendensiyasının işarəsidir?
Tramp administrasiyası Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə hansı yeni istiqamətləri müəyyənləşdirmək istəyir? Həqiqətən Azərbaycan da bu sazişə qoşula bilərmi? 
Mövzu ilə bağlı Moderator.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, son vaxtlar Qərb ölkələrinin Mərkəzi Asiya ilə əlaqələri nəzərəçarpacaq dərəcədə güclənib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya liderlərini Ağ Evə dəvət etməsi mühüm əhəmiyyət kəsb edən məsələdir:
 
“Bu kontekstdə xüsusilə Qazaxıstanın fəallığı diqqət çəkir. Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Qərbə yaxın mövqeyi ilə tanınan siyasətçidir. O, uzun illər BMT-də çalışıb, baş katibin müavini vəzifəsini tutub və ABŞ diplomatik dairələrini yaxşı tanıyır. Nəticədə, Qazaxıstan “İbrahim Sazişləri”nə qoşulub. “İbrahim Sazişləri”nin mahiyyəti əsasən İsraillə münasibətləri gərgin olan ərəb ölkələrinin diplomatik əlaqələri normallaşdırmaq təşəbbüsünə əsaslanır. Ərəb ölkələri və İsrail arasında imzalanan bu müqavilə onunla əsaslanır ki, hamımız İbrahim peyğəmbərin övladlarıyıq. Buna görə də sənəd “İbrahim Sazişi” adını alıb. Lakin bu razılaşmaya kənar dövlətlərin qoşulması bir qədər maraqlı məsələdir. Çünki kənar  ölkələrin sazişə qoşulmasının məntiqi əsası yoxdur. Qazaxıstanla İsrail arasında hər hansı bir gərginliyin olduğu indiyə qədər müşahidə olunmayıb".
 
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan İsraillə çox yüksək səviyyəli münasibətlərə malikdir:
 
“Müsəlman dünyasında İsrailə ən yaxın ölkə məhz Azərbaycandır. Bununla yanaşı, Bakı Fələstin məsələsində İslam Əməkdaşlıq Təşkilatının mövqeyini bölüşür. Belə bir şəraitdə Azərbaycan və Qazaxıstan kimi dövlətlərin “İbrahim Sazişləri”nə qoşulmasının real siyasi və praktiki əhəmiyyəti hələ tam aydın deyil. Bu saziş mahiyyət etibarilə, ərəb ölkələrinin İsraillə münasibətlərini normallaşdırmaq məqsədilə irəli sürülmüş bir razılaşmadır. Onun daha da genişləndirilməsi və fərqli ölkələri əhatə etməsi o qədər də ciddi əhəmiyyət daşımır. Yaxın Şərq coğrafiyasından kənar ölkələrin bu sazişə qoşulması da əslində, mühüm nəticə verməyəcək. Hansı ölkə qoşulursa qoşulsun, bu, sadəcə olaraq üzv dövlətlərin sayının artırılmasına xidmət edən bir addımdır. Azərbaycan gələcəkdə bu sazişə qoşula bilər, belə bir ehtimal istisna deyil. Amma mən düşünmürəm ki, bunun nə Azərbaycana, nə də Yaxın Şərq ölkələrinə hansısa real təsiri olsun. Çünki bu, hərbi və ya siyasi ittifaq deyil, sadəcə diplomatik xarakter daşıyan bir razılaşmadır. Bu sənədin müəyyən müddəaları var və istənilən ölkənin qoşulması sadəcə diplomatik gediş kimi qiymətləndirilə bilər. Ola bilər ki, gələcəkdə başqa dövlətlər də bu sazişə qoşulsun, amma bu, böyük strateji əhəmiyyət kəsb etmir”.
 
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər