Dünya
951
14:25, Bu gün

"Ukrayna müharibəsinin bitməsi ilə bağlı irəliləyiş var" - Tramp administrasiyası

"Diplomatik masada "irəliləyiş" olsa da, real müstəvidə müharibə hələ də davam edir..."

Ukrayna mətbuatının yazdığına görə, ABŞ prezidenti Donald Tramp və onun xüsusi nümayəndəsi bildirir ki, Moskva-Kiyev münaqişəsinin həlli üzrə proses aktivləşib. Tramp bəyan edib: "Biz sadəcə istəyirik ki, bu müharibə bitsin".

"Ukrayna müharibəsinin bitməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub"

Amerikanın bir neçə media qurumunun yazdığına görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə görüşündə Ukrayna müharibəsinin dayandırılması üzrə irəliləyiş olduğunu açıqlayıb.

Tramp bildirib ki, administrasiyası artıq Ermənistan və Azərbaycan arasında sülh razılaşmasına vasitəçilik edib və "Biz 8 ayda səkkiz müharibəni dayandırmışıq. İndi növbəti məqsəd Rusiya və Ukrayna arasında olan münaqişəni bitirməkdir".

O, həmçinin qeyd edib ki, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində "Rusiyanın neft ixracı nəzərəçarpacaq dərəcədə azalıb". Trampa görə, bu təzyiq müharibənin dayandırılmasına təsir göstərə bilər: "Çox insan ölür... Biz sadəcə istəyirik ki, bu müharibə bitsin".

Analitiklər yazır ki, Moskva Pokrovsk şəhərini ələ keçirib, bununla Trampa Ukraynanın müqavimət göstərə bilmədiyini sübut etməyə çalışır. Bununla belə, Ukrayna komandirləri bildirir ki, Rusiya bu irəliləyişi çox böyük itkilər hesabına əldə edir.

"Qəzza bölgəsindən sonra növbəti həll olunmalı münaqişə Ukraynadır"

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Amerikada biznes forumunda bildirib ki, Ukrayna müharibəsinin həlli istiqamətində real proses gedir və Vaşinqton bu münaqişəni bitirməyə əmindir: "Ukrayna müharibəsi növbəti həll etməli olduğumuz münaqişədir".

Uitkoff un vurğuladığına görə, hazırda təhlükəsizlik protokolları və texniki detallarla bağlı aşağı səviyyədə işçi danışıqları aparılır, danışıqların üst pilləyə keçməsi üçün komandalara vaxt lazımdır. Tramp bu mövzunu daimi olaraq nəzarətdə saxlayır.

Bu arada cəbhədə vəziyyət gərgin olaraq qalır: Pokrovsk istiqamətində son sutkada 100-dən çox düşmən hücumu qeydə alınıb. Hər iki tərəf orta mənzilli dronlardan daha geniş istifadə edir - cəbhədən 100-200 km uzaqda hədəflərə zərbələr endirilir.

Tramp administrasiyasının bəyanatları göstərir ki, Vaşinqton Ukrayna münaqişəsinin dayandırılmasını prioritet hesab edir. Lakin cəbhədə döyüşlər daha da şiddətlənir və tərəflərin dron müharibəsi genişlənir. Diplomatik masada "irəliləyiş" olsa da, real müstəvidə müharibə hələ də davam edir.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər