Dünya
298
06 Nov 2025 | 22:50

"Meksikanın ilk qadın prezidenti seksual təzyiqə qarşı: "Əgər bunu prezidentə edirlərsə…"

"Klaudiya Şeynbaum ictimai tədbirdə ona toxunan kişiyə qarşı ittiham qaldırıb və küçə zorakılığının cinayət kimi tanınmasını tələb edib..."

Prezidentə qarşı seksual təcavüz

"Euronews" nəşrinin məlumatına görə, Meksikanın prezidenti Klaudiya Şeynbaum paytaxt Mexikonun mərkəzində tərəfdarlarla görüş zamanı gözlənilməz insidentlə üzləşib. Küçədə çıxış etdiyi an arxadan yaxınlaşan bir kişi onu boynundan öpməyə çalışıb, əlləri ilə bədəninə toxunub və sinəsinə əl gəzdirməyə cəhd edib. Şeynbaum geri çəkilib və vəziyyətə dərhal mühafizə xidməti müdaxilə edib.

Hadisə mobil telefonla çəkilib və video sosial şəbəkələrdə milyonlarla baxış qazanıb. Kişi - yerli mediada adı Uriel R. kimi göstərilir - polis tərəfindən saxlanılıb və ona "seksual xarakterli zorakılıq" və "cinsi təcavüz" maddələri ilə ittiham irəli sürülə bilər. Şeynbaum deyib: "Əgər bunu prezidentə edirlərsə, onda ölkəmizdəki minlərlə gənc qadının başına nə gəlir?"

Qanunların sərtləşdirilməsi və ictimai debat

Şeynbaum rəsmi şəkildə prokurorluğa müraciət edib və bu hadisədən sonra seksual təcavüzün cinayət kimi tanınması çağırışını edib. O, bildirib ki, bu qərarı yalnız öz adı ilə yox, bütün Meksika qadınları adından verir. Prezidentin sözlərinə görə, qadınların şəxsi məkanına müdaxilə "adi hal" kimi qəbul edilə bilməz: "Meksikalılar böyük və aydın "yox" eşitməlidir".

Qadın hüquqlarını müdafiə edən təşkilatlar açıqlama yayıb və hadisənin ölkədə köklü "maçizm" mədəniyyətini göstərdiyini bildirib. Statistikaya görə, Meksikada gender zəminində qətllərin 98 faizi cəzasız qalır, bu isə problemi daha da dərinləşdirir. Hakimiyyət artıq küçə və ictimai mühitdə qadınlara qarşı taciz hallarına görə qanunvericiliyin sərtləşdirilməsini nəzərdən keçirir.

 "Xalqdan uzaqlaşmayacağam"

Şeynbaum təhlükəsizlik tədbirlərini artırmaqdan imtina edib və insanların arasında olmağa davam edəcəyini bildirib. O, əvvəlki prezident kimi, vəzifədə olarkən də küçələrdə piyadə gəzməyi, insanlarla ünsiyyəti və selfie çəkməyi üstün tutur. Şeynbaum uşaqlığında belə hallarla üzləşdiyini xatırladaraq deyib: "Bu, yalnız  mənim yaşadıqlarım deyil, bütün qadınların yaşadığı reallıqdır".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər