Zaporojye vilayətində ukraynalı hərbi əsiri güllələyən rusiyalı hərbçi Dmitri Kuraşov ömürlük həbs cəzası alıb.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
SBU bunun Ukrayna tarixində ilk belə hadisə olduğunu bildirib.
Məlumata görə, 2024-cü il yanvarın 6-da Kuraşov digər hərbçilərlə birlikdə Priyutne kəndi ərazisində Ukrayna əsgərlərinə hücum edib. Hücum zamanı rusiyalı təslim olan Ukrayna ordusunun əsgərini güllələyərək öldürüb. Müəyyən edilib ki, Kuraşov “Kalaşnikov” avtomatından ukraynalını qəsdən nişan alaraq atəş açıb və əsgər aldığı yaralardan yerindəcə ölüb.
Ukrayna hərbi əks-kəşfiyyat və Təhlükəsizlik Xidmətinin müstəntiqləri tərəfindən toplanmış sübutlar əsasında məhkəmə Kuraşovu Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci bəndi (müharibə cinayətləri) üzrə təqsirli bilib.