İsrail və ABŞ: ittifaq, yoxsa himayə?
Dünya
369
05 Nov 2025 | 22:20

İsrail və ABŞ: ittifaq, yoxsa himayə?" - "Walla" nəşri

"Vaşinqtonun dəstəyi İsraili yönləndirmir, iki tərəf regionun gələcəyini birgə formalaşdırır..."

ABŞ ilə İsrail arasında münasibətlər təkcə asılılıq deyil,  qarşılıqlı strateji maraqlara əsaslanır. Bu barədə İsrailin "Walla" nəşri yazıb.

Himayə yox, strateji tərəfdaşlıq

Nəşr yazır ki, son aylarda ictimai müzakirələrdə "İsrail ABŞ-ın vasalıdır" tezisi yenidən gündəmə gəlib. Vaşinqtonun bölgədəki hərbi və siyasi iştirakı həqiqətən dərindir: ABŞ-ın Mərkəzi Komandanlığının yüksək rütbəli zabiti İsraildə yerləşdirilib, amerikalı diplomat və xüsusi nümayəndələr prosesə cəlb olunub, Qəzza ilə bağlı müstəqil ABŞ kəşfiyyat fəaliyyəti aparılır.

Lakin "vassallıq" hərbi, siyasi və iqtisadi cəhətdən tam asılılıq deməkdir. İsrail ABŞ-dan,  xüsusən 2023-cü ilin oktyabrından sonra güclü dəstək alır. Bu tərəfdaşlığın əsasları 1960-cı illərə gedib çıxır: Fransa silah embarqosu tətbiq etdikdən sonra İsrail ABŞ-ı öz əsas tərəfdaşına çevirib.

Zamanla münasibətlər "xüsusi ittifaqa" çevrilib - ortaq dəyərlər, İsrailin regionda yeganə demokratiya olması və ABŞ maraqlarını effektiv müdafiə etməsi bu münasibətləri möhkəmləndirib. Hətta ABŞ rəsmilərindən biri İsraili "Amerikanın ən böyük və ən ucuz aviadaşıyıcısı" adlandırıb.

 İsrail üçün tarixi fürsət

Müəllif qeyd edir ki, Donald Tramp dövrü İsrail-ABŞ münasibətlərində yeni mərhələ oldu. Trampın Netanyahu ilə şəxsi yaxınlığı və İsrailə demək olar ki, şərtsiz dəstəyi misilsizdir.

Birinci müddətdə Tramp ABŞ səfirliyini Qüdsə köçürdü, İsrailin Colan Təpələri üzərində suverenliyini tanıdı, "Avraam Sazişləri"nin imzalanmasına şərait yaratdı. İkinci müddətdə dəstək daha genişdir: Qəzza və digər cəbhələrdə hərbi və diplomatik yardım, İrana qarşı əməliyyatlarda iştirak və sərt beynəlxalq mövqe.

Trampın Qəzza müharibəsini bitirmək üçün təqdim etdiyi "20 bəndlik proqram" İsrailin beş strateji məqsədinin həyata keçirilməsinə yönəlib. Bu plan yalnız Qəzzaya aid deyil, Trampın daha geniş vizyonu var: Yaxın Şərqdə yeni regional nizam, İsrail-ərəb normallaşmasının genişləndirilməsi və regionda ABŞ liderliyinin möhkəmlənməsi.

İttifaq balansıdır, asılılıq yoxdur

Məqaləyə görə, İsrail bu planda həm qazanan tərəfdir, həm də məsul tərəfdir: ABŞ planın uğuru üçün İsrailin səmimi əməkdaşlığını gözləyir. Hətta plan uğur qazanmasa belə, məsuliyyət HƏMAS-ın üzərinə düşəcək və İsrail yenidən əməliyyatları davam etdirmək üçün daha geniş beynəlxalq legitimlik əldə edəcək.

Professor Kobi Mixailin yekunu belədir: "İsraili "vassal dövlət" adlandırmaq emosiyadır, reallıq deyil". Bu münasibətlərin əsası güc balansıdır: ABŞ üçün İsrail regional dayaqlardan biridir, İsrail üçün isə ABŞ təhlükəsizlik zəmanətidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər