İranın nüvə strategiyası: diplomatik oyun, texnoloji iradə və
Dünya
1449
03 Nov 2025 | 20:30

İranın nüvə strategiyası: diplomatik oyun, texnoloji iradə və "ağıllı çəkindirmə"

"İran nüvə proqramını sülh məqsədilə bərpa edir və texnoloji üstünlük vasitəsilə strateji çəkindirmə əldə etməyi hədəfləyir..."

Tehran yeni mərhələyə qədəm qoyur

"Euronews" və "Reuters" nəşrlərinin yazdığına görə, İran son aylarda nüvə proqramının bərpasında ideal zamanlama nümayiş etdirir. ABŞ və İsrailin hava zərbələri nəticəsində zədələnmiş obyektlərin bərpası artıq dövlət səviyyəsində elan olunub.

Prezident Məsud Pezeşkian Atom Enerjisi Təşkilatında çıxışı zamanı bildirib ki, İranın nüvə fəaliyyəti "tamamilə sülh məqsədlidir" və xalqın rifahı, tibb və sənaye sahələri üçün vacibdir.

Pezeşkian Qərbin İrana qarşı ittihamlarını "texnoloji müstəqilliyi boğmaq cəhdi" adlandırıb və alimlərin fəaliyyətini "elmi cihad" kimi dəyərləndirib. O, ölkənin radiotibbi preparatlar və sənaye izotopları istehsalında dünya bazarına çıxmalı olduğunu vurğulayıb.

Çəkindirmə doktrinası və yeni siyasi reallıq

Tehran rəsmiləri bildirir ki, İran texniki baxımdan nüvə silahı hazırlamaq gücündədir, lakin ali lider Əli Xameneinin verdiyi fətva belə bir addımı qadağan edir. Bununla belə, keçmiş ali müşavir Məhəmməd-Cavad Laricaninin sözlərinə görə, İran "iki həftədən az müddətdə bomba düzəldə bilsə də, bunu etməməyi seçir".

Bu doktrina, əslində, "ağıllı çəkindirmə", yəni müdafiə texnologiyaları, kosmik və kibersistemlər, diplomatik elastiklik və milli suverenliyin birləşdiyi yeni çəkindirmə strategiyasıdır.
Ekspertlərin fikrincə, bu siyasət Tehrana yalnız bölgədə deyil, qlobal səviyyədə də təsir imkanlarını artırmağa xidmət edir.

ABŞ-İran qarşıdurması və diplomatik siqnallar

Vaşinqton isə hələlik sanksiya təzyiqini saxlamaq niyyətindədir. ABŞ maliyyə nazirinin müavini Con Herli İsrail, BƏƏ və Türkiyəyə səfərlərində İranın maliyyə kanallarını sıxışdırmaq məsələsini müzakirə edib.

Tramp administrasiyası İranla 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra bölgə münasibətləri gərginləşib. İyunun sonlarında İsrailin İrana qarşı hərbi əməliyyatları, ABŞ-ın isə məhdud zərbələri vəziyyəti daha da kəskinləşdirib. Bunun cavabı kimi İran Qətərdəki "əl-Udeyd" bazasına raket zərbəsi endirib, lakin Pezeşkian bəyan edib ki, Tehran "daha geniş eskalasiyaya getmək istəmir".

Analitiklər hesab edir ki, ABŞ hazırda nə iqtisadi, nə də hərbi baxımdan regionda genişmiqyaslı əməliyyat aparmağa qadir deyil, çünki Yaxın Şərqdə qüvvələr balansı dəyişib, İran isə öz raket sistemləri ilə Amerikanın bazalarını hədəf məsafəsində saxlayır.

Beləliklə, İran indi öz nüvə potensialını təkcə hərbi deyil, həm də diplomatik alət kimi istifadə edir. Bu, "qorxu ilə sarsıdılmış sülh" konsepsiyasından fərqli olaraq, "hesablanmış çəkindirmə" dövrünün başlanğıcıdır - burada əsas silah nə bomba, nə də sanksiyadır, əsas güc strateji səbr və texnoloji iradədir.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər