Dünya
1442
03 Nov 2025 | 19:24

"Trampın böyük müsahibəsi: ABŞ-ın yeni kursu və qlobal güc balansı" - "Yeni Şafak"

"Trampın müsahibəsi ABŞ-ın qlobal siyasətdə sərt dönüşə hazırlaşdığını və yeni güc balansı yaratmaq niyyətində olduğunu göstərir..."

Türkiyənin "Yeni Şafak" nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp "CBS News"-un "60 dəqiqə" proqramında verdiyi geniş müsahibədə həm daxili, həm də beynəlxalq siyasətdə ölkəsinin gələcək istiqamətini açıqlayıb. Onun sözlərinə görə, "Amerikanın gücünü bərpa edən qərarlar" məhz onun administrasiyasına məxsusdur, hazırkı böhranlar isə "Bayden dövrünün faciəvi idarəçiliyinin nəticəsidir".

Çin, İran və Yaxın Şərqdə sərt balans

Tramp Çinlə münasibətlərdə qələbə qazandığını bildirib: Si Tszinpinlə danışıqların nəticəsində ABŞ-ın nadir torpaq elementlərindən asılılığı aradan qaldırılıb və tariflər sayəsində "milyardlarla dollar gəlir" əldə olunur. ABŞ, Yaponiya, Avstraliya və Böyük Britaniya ilə birlikdə bu sahədə yeni təchizat proqramı qurur.

O, Çinə yüksək texnologiyalı çiplərin satışına qadağa qoyduğunu açıqlayaraq, süni intellekt (AI) sahəsində ABŞ-ın "artıq yarışda qalib gəldiyini" bildirib. Trampın sözlərinə görə, ABŞ yaxın iki ildə qlobal çip bazarının 50 faizinə nəzarət edəcək.

Tayvan məsələsinə toxunan prezident bildirib ki, "Si Tszinpin nə baş verəcəyini çox yaxşı bilir", detalları isə açıqlamayıb. Tramp həmçinin nüvə sınaqlarının bərpasını təsdiqləyib və bunun "hərbi hazırlığı və çəkindirmə gücünü yoxlamaq üçün vacib" olduğunu deyib.

Yaxın Şərq, İran və İsraillə münasibətlər

Tramp özünü "sülhməramlı" kimi təqdim edərək, Qəzza bölgəsində atəşkəsi "sarsılmaz" adlandırıb. O, HƏMAS-ı "dərhal məhv edilə biləcək qüvvə" kimi təsvir edib və xəbərdarlıq edib: "Əgər HƏMAS müqavimət göstərsə, onu dərhal aradan qaldıracağıq". Tramp əlavə edib ki, ABŞ onun rəhbərliyi altında İranın nüvə obyektlərinə zərbələr endirib və "bu ölkənin nüvə potensialını tamamilə sıradan çıxarıb". Onun sözlərinə görə, bu addım "regionda sülhün açarı" olub.

O, İsrailin baş naziri Ben­yamin Netanyahuya təzyiq göstərdiyini də etiraf edib: "Bəzi məsələlərdə onunla açıq danışmaq lazım gəldi. Mən bunu etdim. Onun çox istedadlı lider olduğunu düşünürəm, amma bəzi qərarları ilə razı deyildim". Tramp Netanyahunun ona qarşı irəli sürülən ittihamlar fonunda "ədalətsiz şəkildə hədəf alındığını" deyərək, "bu prosesə müəyyən müdaxilə edə biləcəyini" bildirib.

ABŞ lideri həmçinin Səudiyyə Ərəbistanının Abraam sazişlərinə qoşulacağını əminliklə bildirib və "iki dövlətli həll"in hələ də müzakirə mövzusu olduğunu deyib, lakin əsas şərtin "İranın nüvə təhdidinin tam aradan qaldırılması" olduğunu vurğulayıb.

İqtisadi göstəricilər, miqrasiya və "Amerikanı yenidən böyük etmək"

Tramp müsahibədə ABŞ iqtisadiyyatını "tarixdəki ən güclü vəziyyətdə" adlandırıb. O, inflyasiyanın sıfıra yaxınlaşdığını və benzinin qiymətini 2 dollara endirmək niyyətində olduğunu bildirib. Prezidentin sözlərinə görə, onun siyasəti nəticəsində ölkəyə 17 trilyon dollardan çox investisiya cəlb edilib, avtomobil sənayesi yenidən dirçəlir.

O, sərhədlərin tam bağlandığını və "beş ay ərzində sıfır miqrant axınına nail olunduğunu: deyib. Tramp Baydeni "25 milyon qeyri-qanuni miqrantı, o cümlədən cinayətkarları ölkəyə buraxmaqda" ittiham edib. Onun fikrincə, "deportasiyalar sərt, amma ədalətli" aparılır və cinayət göstəriciləri "cəmi iki həftədə 65 faiz azalıb". Tramp həmçinin Obamacare proqramını "bahalı və səmərəsiz sistem" adlandıraraq onu tam ləğv edib "yeni səhiyyə modelini" təqdim edəcəyini açıqlayıb.

"Amerika yenidən güc zirvəsindədir"

Müsahibənin sonunda Tramp süni intellekti "yeni sənaye inqilabı" adlandıraraq, ABŞ-ın bu prosesi "idarə etməli, ondan qorxmamalı" olduğunu söyləyib. Kripto sənayesinə də toxunan prezident bildirib ki, ABŞ bu sahədə də lider olmalıdır: "Mən kripto sənayesini Amerika üçün böyük etmək istəyirəm". O, çıxışını bu sözlərlə tamamlayıb: "Nə qədər ki, ABŞ-ın başında güclü və ağıllı prezident dayanır, bu ölkə heç vaxt təhlükə altında olmayacaq".

Moderator.az

Link kopyalandı!
Son xəbərlər