Dünya
1390
03 Nov 2025 | 17:20

"Rusiya artıq təhlükəsiz deyil: Ukrayna dronları müharibənin coğrafiyasını dəyişir" - "Euronews"

"Ukraynanın uzaqmənzilli dronları Rusiya ərazisində təhlükəsizlik illüziyasını dağıdır..."

Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları təkcə döyüş taktikasını deyil, müharibənin anlayışını da dəyişir.

Bu barədə "еuronews.com" nəşri yazıb. Nəşr qeyd edir ki, Ukrayna dronları Rusiyanın neft obyektlərinə zərbələr endirməklə artıq müharibəni onun öz ərazisinə daşıyır.

Gizli emalatxanalarda yığılan bu dronlar Rusiya neftayırma zavodlarını, yanacaq anbarlarını və hərbi-logistik mərkəzlərini vuraraq enerji infrastrukturunu sarsıdır. Qərb Ukraynasında gizli meydançalardan gecələr havaya qalxan dronlar artıq 1000 kilometr məsafəni qət edə bilir. Komandir "Fidel"in sözləri ilə desək, "dronlar inkişaf edir və bu, bizim üçün müqəddəs bir missiyadır". 

Sadə istehsal, strateji nəticələr

Ukraynada istehsal olunan "Lüty" tipli dronlar sadə və ucuz konstruksiyaya malikdir, bu da onların kütləvi şəkildə yığılmasına imkan verir. Yerli istehsal sayəsində Ukrayna Qərbdən gələn silah asılılığını azaldıb və öz dron ordusunu formalaşdırıb.

"Carnegie" və Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu zərbələr Rusiyanın neft emalı gücünü əhəmiyyətli dərəcədə azaldıb, bəzi zavodlar həftələrlə fəaliyyətini dayandırıb. Nəticədə ölkə daxilində yanacaq qıtlığı yaranıb, dizel və aviasiya yanacağı ixracına məhdudiyyətlər qoyulub.

Analitiklər bu taktikanı "maddi aşındırma" strategiyası adlandırır: Rusiya artıq yanacaq marşrutlarını bölməyə və hava hücumundan müdafiəni cəbhədən uzaq ərazilərdə gücləndirməyə məcburdur. RANE şirkətinin eksperti Adriano Bosoni qeyd edir: "Rusiya uzun müddət öz ərazisinin təhlükəsiz olduğuna inanırdı. İndi bu, artıq keçmişdə qalıb".

Risklər, itkilər və son əməliyyatlar

Ukraynalı təşkilatçıların etirafına görə, dronların yalnız təxminən üçdə biri hədəfə çatır. "Biz bunun üçün öz həyatımızla ödəyirik", - "Fidel" bildirir. "Bu, gələcək nəsillər uğrunda mübarizədir".

Son əməliyyatlarda Ukraynanın Hərbi Kəşfiyyat Xidməti Moskva vilayətində "Koltsevoy" neft kəmərinin üç xəttini sıradan çıxarıb. Ardınca Təhlükəsizlik Xidməti Tuapse şəhərindəki neft terminalına zərbə endirib, nəticədə tanker və liman infrastrukturu məhv edilib.

Ukraynanın dron strategiyası artıq müharibənin xarakterini köklü şəkildə dəyişib. Rusiya ilk dəfədir ki, müharibəni öz ərazisində hiss edir, bu isə gələcək qarşıdurmaların xəritəsini tamamilə yenidən cızır.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər