İsraillə Hizbullah arasında yeni müharibə başlayır? 
Dünya
1557
13:56, Bu gün

İsraillə Hizbullah arasında yeni müharibə başlayır? 

İsrailin Baş naziri Benyamin Netanyahunun son bəyanatları Yaxın Şərqdə gərginliyin daha da dərinləşə biləcəyinə işarə edir. Qəzzada HƏMAS-ı tamamilə məhv edəcəyini söyləyən Netanyahu indi də eyni ritorikanı Livan istiqamətində səsləndirir. Son günlər İsrailin Livanın cənubundakı Əl-Təvvib bölgəsinə endirdiyi hava zərbələri artıq vəziyyətin yeni mərhələyə keçdiyini göstərir.
 
İsrailin Livanın cənubuna endirdiyi son hava zərbələrini necə qiymətləndirmək olar? Bu, müharibənin coğrafiyasının genişlənməsi və Livanın yeni cəbhəyə çevrilməsi ehtimalını nə dərəcədə gücləndirir?
Moderator.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, İsrailin Livanın cənubuna endirdiyi son zərbələr bir daha göstərir ki, bölgə yenidən təhlükəli balans üzərində dayanır:
 
 “Qəzzadakı hadisələrdən sonra Hizbullahın məqsədi təkcə İsrailə təzyiq göstərmək deyil, həm də Livan daxilində siyasi təsirini artırmaqdır. Lakin bu proses Livan dövlətinin suverenliyini və sabitliyini zədələyir. İsrailin reaksiyası hərbi baxımdan sərt görünə bilər, amma sərhəd boyunca raket atəşlərinin, terror hücumlarının davam etdiyi bir şəraitdə bu, gözlənilən idi. Hizbullahın hərəkətləri sivil əhalini riskə atır və humanitar fəlakəti dərinləşdirir. Bu, nə dini, nə ideoloji, nə də “müqavimət” adı ilə izah oluna biləcək davranış deyil. Silahlı qrupların dövlət institutlarından üstün mövqedə olması Livanı da, regionu da uçuruma aparır. Bu mərhələdə diplomatik səylərin bərpası vacibdir, amma bu, yalnız Hizbullahın təxribatları dayandırması ilə mümkündür. Əks halda, müharibənin coğrafiyası genişlənəcək və yeni bir humanitar böhran qaçılmaz olacaq. Regionda sabitlik üçün məsuliyyətli davranış və terror ritorikasından uzaqlaşmaqdan başqa yol qalmayıb”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər