Dünya
867
14:45, Bu gün

"ABŞ hər gün Halloveni yaşayır" - Obamadan sərt mesaj

"ABŞ siyasəti indi sadəcə tənəzzül yox, həm də ağlasığmaz teatr səhnəsinə çevrilib..."

Eks-prezident Barak Obama Tramp administrasiyasını manipulyasiya, haqsızlıq və "siyasi absurd"da ittiham edib

Siyasi satira ilə dolu çıxış

Qərb və Rusiya KİV-lərinin məlumatına görə, ABŞ-ın sabiq prezidenti Barak Obama Nyu-Cersi ştatında Demokrat Partiyasının namizədlərini dəstəkləmək üçün təşkil olunan mitinqdə hazırkı prezident Donald Trampı hədəfə alıb. O, açıq şəkildə bəyan edib ki, "ölkə siyasi cəhətdən absurd bir dövr yaşayır - elə bil hər gün Hallovendir, amma konfetlərsiz".

Obama bildirib ki, sadə amerikalıların həyatı getdikcə çətinləşir, halbuki Trampın yaxın çevrəsi əvvəlkindən daha çox varlanır. Onun sözlərinə görə, prezident reallıqdan uzaq "internet-memlər" və süni intellektlə hazırlanmış təxribatçı videolar vasitəsilə ictimai diqqəti əsas problemlərdən - qiymətlərin artması, gəlirlərin azalması və həyat səviyyəsinin pisləşməsindən yayındırır.

O, Trampın sosial şəbəkəsində yayımladığı son videoya da toxunub: həmin kadrda Tramp tac taxmış vəziyyətdə qırıcı təyyarədən etirazçılara "palçıq atır". Bu video ABŞ-da rezonans doğurub və "No Kings" şüarı altında keçirilən etiraz aksiyalarına təkan verib. Obama bu hadisəni "avtoritar meyllərin təhlükəli əlaməti" adlandırıb.

"Bu, düşündüyümdən də pisdir"

Sabiq prezidentin sözlərinə görə, "ABŞ siyasəti indi sadəcə tənəzzül yox, həm də ağlasığmaz teatr səhnəsinə çevrilib". O əlavə edib: "Biz bunun baş verəcəyini gözləyirdik, amma etiraf etməliyəm - mənim təsəvvürümdən də pis oldu".

Obama bildirib ki, Trampa səs verənlər iqtisadi dəyişikliklər ümidilə bunu etdilər, lakin nəticədə ölkədə sosial bərabərsizlik daha da dərinləşib. "Zənginlər daha zəngin, yoxsullar isə daha çox sıxıntı içindədir. Hər gün bu administrasiya insanlara yeni bir doza qanunsuzluq, məsuliyyətsizlik və ədalətsizlik təqdim edir", - o, vurğulayıb.

O, həmçinin Trampı ədliyyə sistemindən siyasi rəqiblərə qarşı "silah" kimi istifadə etməkdə və Milli Qvardiyanı "mövcud olmayan təhlükələrə qarşı" səfərbər etməkdə ittiham edib. Obama bu siyasətin ölkə daxilində qorxu mühiti yaratdığını deyib.

Sistemə etimadsızlıq və demokratların ümidləri

Obama çıxışında səhiyyə sisteminin gələcəyindən də narahatlığını ifadə edib. Onun fikrincə, Tramp administrasiyasının qərarları nəticəsində tibbi xidmətlərin və sığorta haqlarının qiyməti iki-üç dəfə arta bilər. O, həmçinin respublikaçıları tənqid edərək deyib: "Onlar Trampın qanunları pozduğunu bilirdilər, amma onu dayandırmağa cəhd etmədilər. Əksinə, bir çox biznes və universitet rəhbərləri sadəcə baş əyərək onun xoşuna gəlməyə çalışdılar".

Mitinqin sonunda Obama həmkarı demokrat namizədləri - Virciniyadan Ebiqeyl Şpanbergeri və Nyu-Cersidən Miki Şerrili tərifləyərək, "bu ölkənin normal gələcəyi onların dürüstlüyündədir" deyib. Ekspertlər isə hesab edir ki, Obamanın bu sərt və sarkastik çıxışı 2025-ci ilin əsas siyasi hadisələrdən birinə çevrilə bilər, çünki onun sözləri təkcə Demokratları səfərbər etmir, həm də ABŞ cəmiyyətində dərinləşən siyasi parçalanmanı bir daha üzə çıxarır.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər