İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə proqramı üzrə danışıqların bərpası ilə bağlı təkliflərini vasitəçilər vasitəsilə aldığını təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Modjirani məlumat verib.
İran mediasının bazar günü yaydığı açıqlamada Modjirani bildirib: “İran XİN danışıqların bərpası ilə bağlı mesajlar alıb”. Onun sözlərinə görə, təkliflərin mahiyyəti və məzmunu barədə əlavə məlumat sonradan açıqlanacaq.
12 apreldən bəri İran və ABŞ arasında Oman vasitəçiliyi ilə beş raund qeyri-birbaşa danışıqlar keçirilib. Növbəti görüş isə İsrailin iyun ayında İrana zərbələr endirməyə başlamasından sonra ləğv edilib. İsrail bu əməliyyatın məqsədinin İranın nüvə proqramını məhv etmək olduğunu bildirmişdi. İran da cavab olaraq İsrailə zərbələr endirməyə başladı.
22 iyunda ABŞ İranın Fordo, İsfahan və Natanz şəhərlərində yerləşən üç nüvə obyektinə zərbələr endirdi. Daha sonra ABŞ prezidenti Donald Tramp atəşkəs elan etdi və İranla İsrail buna razılıq verdi.
İran rəsmiləri uzun illərdir ki, ölkənin nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini bəyan edir.