Pokrovsk uğrunda döyüşlər: Ukraynanın cənub-şərqində həlledici mərhələ
Dünya
1057
13:40, Bu gün

Pokrovsk uğrunda döyüşlər: Ukraynanın cənub-şərqində həlledici mərhələ

"Cənub-şərq cəbhəsində Pokrovsk uğrunda döyüşlər Ukrayna ordusunun strateji dözümlülüyünü və Rusiya qüvvələrinin itkilərini açıq şəkildə göstərir..."

Strategiya və vəziyyətin gərginləşməsi

Donetsk vilayətində yerləşən Pokrovsk uğrunda döyüşlər Ukrayna müharibəsinin ən gərgin mərhələsinə çevrilib. CNN telekanalı, "Deutsche Welle" və digər mənbələrin məlumatına görə, şəhərin ələ keçirilməsi Rusiya ordusunu Kramatorsk və Konstantinovkaya yaxınlaşdıracaq, bu isə Donbasdakı cəbhə balansını dəyişə bilər.

Son həftələrdə Rusiya bölmələri Pokrovska müxtəlif istiqamətlərdən sızıb, bəzi məhəllələrdə mövqelər qurublar. DeepState analitikləri bu vəziyyəti "boz zona"nın genişlənməsi adlandırı, yəni şəhər daxilində nə tam Rusiya, nə də tam ukrayna nəzarəti var. General Aleksandr Sırski isə bildirir ki, "Pokrovsk və Mirnoqrad nə mühasirədə, nə də blokadadadır" və logistik yollar hələlik açıqdır.

Ukraynanın cavabı və əks-hücum cəhdləri

Ukrayna qüvvələri yalnız müdafiə ilə kifayətlənmir. 7-ci desant-hücum korpusu bəzi məhəllələrdə taktiki vəziyyətin yaxşılaşdığını və düşmənin logistik xəttlərinin kəsilməsinə çalışıldığını bildirir. "The Economist" jurnalı yazır ki, Pokrovsk ətrafında "Qara Şahin" adlı xüsusi əməliyyat həyata keçirilir.

"Bild" analitiki Yulian Repkenin məlumatına görə, şəhərdə təxminən 1000 ukraynalı döyüşçü qalır və onlar sayca on dəfə çox olan Rusiya qüvvələrinə qarşı mübarizə aparır. Qərbə çıxışı təmin edən 5 kilometrlik dar dəhliz hələ fəaliyyət göstərir və bu yol həm təminat, həm də yaralıların təxliyəsi üçün yeganə xəttdir.

Sırski bildirib ki, müdafiə əməliyyatlarına kəşfiyyat, xüsusi təyinatlılar və UTX-nın birgə qüvvələri cəlb olunub: "Düşmən bu istiqamətdə ən ağır bədəli ödəyir".

Donbasın sınaq nöqtəsi

Pokrovsk ətrafındakı döyüşlər Ukraynanın döyüş qabiliyyətinin və komandanlığın çevikliyinin sınağına çevrilib. Şəhərin itirilməsi Donbasda domino effekti yarada bilər, lakin hazırda Ukrayna tərəfi strateji nəzarəti saxlamağa çalışır.

Eyni zamanda, Rusiya ordusunun "sızma və mövqe qurma" taktikası şəhər müharibəsinin yeni mərhələsini - xətlərin qarışdığı, məhəllələr uğrunda döyüşlərin həlledici olduğu mərhələni açır.

General Sırski bunu qısa, amma rəmzi cümlə ilə ifadə edib: "Pokrovsku saxlayırıq. Mirnoqradı saxlayırıq". Bu sözlər bu gün Ukraynanın iradəsini və Donbasın taleyi uğrunda mübarizənin rəmzinə  çevrilib.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər