Avropa sülhün bədəlini ödəyir: Ukrayna müharibəsi qitəni yeni reallığa məcbur edir
Dünya
537
31 Oct 2025 | 18:45

Avropa sülhün bədəlini ödəyir: Ukrayna müharibəsi qitəni yeni reallığa məcbur edir

"Ukraynanın gələcəyi artıq təkcə Kiyevdə deyil, Avropanın öz iradəsində həll olunur..."

Avropanın maliyyə sınağı: Ukraynanın qalibiyyəti üçün 389 milyard dollarlıq plan

"The Economist" nəşrinin hesablamalarına görə, Ukraynanın Rusiya təcavüzünü dayandırması Avropaya azı 389 milyard dollara başa gələcək. Bu məbləğ önümüzdəki dörd il ərzində həm hərbi, həm də iqtisadi yardım, habelə müharibədən dağılan infrastrukturun bərpası üçün nəzərdə tutulur.

2022-ci ildən bu yana Avropa İttifaqı Ukraynaya 206 milyard dollar dəyərində, ABŞ isə cəmi 133 milyard dollar yardım göstətib. Tramp administrasiyasının maliyyə dəstəyini dayandırmasından sonra Avropa ölkələri öz paylarını artırmağa məcbur olub. Bu, Avropa iqtisadiyyatına əlavə 0,4 faiz ÜDM yükü deməkdir.

Hazırda Ukraynanın illik müdafiə büdcəsi təxminən 65 milyard dollardır, dövlətin digər xərcləri isə 73 milyard dollar təşkil edir. Daxili gəlirlər bu məbləği ödəmədiyi üçün ildə 50 milyard dollarlıq kəsir yaranır. Hərbi xərclər ildə orta hesabla 20 faiz artır və artıq Rusiyanın rəsmi xərclərinin təxminən üçdə ikisinə bərabərdir.

Bu maliyyə yükünü qarşılamaq üçün Brüsseldə "reparasiya krediti" ideyası gündəmdədir - bu, dondurulmuş rus aktivləri hesabına formalaşacaq 163 milyard dollarlıq kreditdir. Lakin əsas maneə Belçikanın mövqeyidir: ölkə bu addımın əsas hüquqi və iqtisadi risklərini öz üzərinə götürmək istəmir.

"Könüllülər koalisiyası" və gizli Madrid sammiti

"El Mundo" nəşrinin yazdığına görə, noyabrın 4-də Madriddə 35 ölkənin nümayəndələrinin iştirakı ilə qapalı sammit keçiriləcək. "Könüllülər koalisiyası" adlanan bu formatda Ukraynaya yeni maliyyə və hərbi yardım mexanizmləri, eləcə də Rusiya üzərində təzyiqin koordinasiyası müzakirə ediləcək.

Toplantı tam məxfilik şəraitində baş tutacaq: mobil telefonların yığılması, məlumatın ictimaiyyətə açıqlanmasının qadağan edilməsi planlaşdırılır. Sammit iki hissədən ibarət olacaq - birinci mərhələdə Ukraynanın maliyyə ehtiyacları və yardım prioritetləri, ikinci mərhələdə isə təhlükəsizlik zəmanətləri müzakirə ediləcək.

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Georgi Tixiy isə bildirib ki, bu görüş "gizli deyil, planlı diplomatik formatdır". Onun sözlərinə görə, İspaniya ilə əlaqələr davam edir və görüşün nəticələri barədə ictimai məlumat paylaşılacaq. Bu sammitin məqsədi Ukraynaya yardımın davamlılığını təmin etmək və Avropanın ABŞ-sız belə müstəqil qərar qəbul etmə qabiliyyətini nümayiş etdirməkdir.

 Avropa öz sınağı ilə üz-üzə

Avropa indi tarixi bir qərar qarşısındadır - ya maliyyə baxımından ağır, amma strateji cəhətdən vacib öhdəlikləri yerinə yetirəcək, ya da Rusiya qarşısında siyasi təsir gücünü itirəcək.
Madriddəki sammit bu prosesin yeni mərhələsini simvolizə edir: Ukraynanın gələcəyi artıq təkcə Kiyevdə deyil, Avropanın öz iradəsində həll olunur.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər