 
                            Trampın nüvə planı beynəlxalq arenada ciddi narahatlıq doğurub və yeni silahlanma yarışına işarə edir
Qərbin narahatlığı və siyasi parçalanma
Qərbin aparıcı KİV-ləri yazır ki, Donald Trampın nüvə sınaqlarını yenidən başlatmaq qərarı ABŞ üçün həm texniki, həm maliyyə, həm də etik cəhətdən ciddi problemlər doğurur. "The Washington Post" nəşrinin ekspertləri xəbərdarlıq edir ki, bu cəhd onilliklərdir davam edən beynəlxalq "nüvə sükunətini" poza və yeni silahlanma yarışını alovlandıra bilər.
Məqalədə qeyd olunur ki, Tramp administrasiyası bu addımı Rusiya, Çin və Şimali Koreya kimi ölkələrin artan nüvə potensialına cavab kimi əsaslandırır. Lakin ABŞ-ın sonuncu real sınağı 1992-ci ildə keçirilib, bu sahədə texniki infrastruktur və peşəkar kadr bazası artıq ciddi şəkildə köhnəlib.
Ekspertlərin fikrincə, sınaqları bərpa etmək üçün illər, yüz milyonlarla dollar və böyük siyasi iradə lazım olacaq. Bəzi mütəxəssislər Trampın yeraltı deyil, atmosferdə sınaq keçirməyi düşünə biləcəyini də istisna etmir, halbuki bu, 1963-cü ildən bəri beynəlxalq hüquqla qadağandır.
"Rusiyaya və Çinə kart-blanş"
"The New York Times" nəşri isə yazır ki, Trampın qərarı Pekin və Moskva üçün "nüvə sınaqlarına azadlıq bileti" anlamına gələ bilər. Nəşr vurğulayır ki, ABŞ-ın nüvə sınaqlarına qayıtması 1996-cı il nüvə sınaqlarının tam qadağası haqqında müqaviləni faktiki olaraq mənasız hala gətirəcək.
Ekspert Ankit Panda hesab edir ki, bu addım Rusiyaya və Çinə öz sınaqlarını bərpa etmək üçün "tam bəhanə" verəcək. Çin artıq nüvə arsenalını sürətlə artırır, yeni tunellər və yeraltı obyektlər inşa edir. Pekin həm texnoloji, həm də siyasi baxımdan ABŞ-ın hər addımına cavab verməyə hazırlaşır.
Eyni zamanda, nəşr yazır ki, Trampın bəyanatı Putinin "Burevestnik" adlı nüvə mühərrikli raket sınaqları barədə açıqlamasına cavab kimi də qəbul olunur. Lakin belə aqressiv ritorika, əksinə, ABŞ-Çin münasibətlərində etimadsızlığı daha da dərinləşdirə bilər.
"Siyasi cəbhə parçalanır"
"The Hill" nəşri xəbər verir ki, Trampın qərarı ABŞ Konqresində dərin fikir ayrılığı yaradıb. Respublikaçılar bu addımı "Putinə cavab" və "Amerikanın güc nümayişi" kimi qiymətləndirir, demokratlar isə onu təhlükəli və bahalı avantüra adlandırır.
Senator Mark Kelli xəbərdarlıq edir ki, "əgər ABŞ sınaqlara başlasa, Çin də bunu edəcək və bu, bizim deyil, Pekinin gücünü artıracaq". Demokratlar həmçinin layihənin maliyyələşdirilməsi və məqsədlərinin qeyri-müəyyənliyini tənqid edir. Respublikaçılar isə Trampın siyasətini "sülhü qorumaq üçün güc nümayişi" kimi təqdim edir.
Trampın nüvə sınaqlarını bərpa etmək qərarı həm Qərbdə, həm də ABŞ daxilində yeni strateji və ideoloji parçalanmanı üzə çıxardı. Qərb mətbuatı bu addımı potensial "nüvə domino effekti" kimi qiymətləndirir, onu daxili siyasi savaşın katalizatoru adlandırır.
Əgər ABŞ həqiqətən nüvə sınaqlarına qayıdarsa, bu, təkcə beynəlxalq müqavilələrin deyil, bütövlükdə qlobal sabitliyin də təməlini sarsıda bilər. Trampın bu qərarı ya nüvə gücünün bərpası kimi, ya da sülh balansının dağılması kimi tarixə düşəcək.
Moderator.az
 
                             
                             
                             
                            