 
                            "Rusiya İranın dostudur, yoxsa düşməni? İranın Rusiyanı özünün strateji müttəfiqi sayması düzgündürmü və Rusiya da İrana eyni nəzərlə baxırmı? Son iki yüz ildə Rusiyanın İranla münasibətlərdə atdığı addımlar ona etimad etməyə əsas verirmi?"
Bu və digər bu kimi suallar zaman-zaman İran siyasi düşüncəsini və ictimai fikrini məşğul etsə də, son vaxtlar, xüsusən İsrail-İran müharibəsindən sonra Rusiya ilə münasibətlər mövzusu yenidən ölkədə qızğın diskussiyalara və kəskin mübahisələrə səbəb olub.
Bu barədə "Azad İran" "YouTube" kanalının yeni buraxılışında bildirilir.
Əksəriyyət belə düşünür ki, 12 günlük müharibə dövründə Rusiyanın mövqeyi Ukrayna ilə müharibədə ona dəstək verən İranın yanaşmasına adekvat olmayıb. Bu azmış kimi, Rusiyanın onu özünün müttəfiqi bilən İrana deyil, İsrailə kömək etdiyi barədə iddialar meydana çıxıb. Məsələn, təqribən iki ay öncə İran Məsləhət Şurasının üzvü Məhəmməd Sədr qalmaqallı bir açıqlama verərək bildirmişdi ki, müharibə zamanı Rusiya İranın hava hücumundan müdafiə mərkəzləri haqqında məlumatları İsrailə ötürüb. İran rəsmisi əlavə etmişdi ki, Rusiya ilə əlaqə qurmaq və əməkdaşlıq etmək vacibdir, amma ona etimad etmək düzgün deyil və dar gündə Moskvanın İranın yanında olacağını düşünmək yanlışdır.
İrana qarşı tətik mexanizminin işə düşməsindən və 2015-ci il nüvə razılaşması nəticəsində dayandırılmış BMT sanksiyalarının bərpasından sonra Rusiya ilə münasibətlərə dair mübahisələr yenidən qızışıb. Hər şey ondan başlayıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov tətik və ya "snapback" mexanizminin nüvə razılaşmasında İrana qarşı nəzərdə tutulan "hüquqi tələ" olduğunu bəyan edib və bu mexanizmin ABŞ və İranın ozamankı xarici işlər nazirləri Con Kerri və Məhəmməd Cavad Zərifin "birgə icadı" olduğunu bildirib.
Lavrovun bu iddiasına Zərifin cavabı özünü çox gözlətməyib, həm də yetərincə sərt və gözlənilməz olub.
Daha ətraflı videoda:
 
                             
                             
                             
                            