Budapeştdə Tramp-Putin sammitinin ləğvi nə ilə bağlıdır?
Dünya
586
31 Oct 2025 | 16:55

Budapeştdə Tramp-Putin sammitinin ləğvi nə ilə bağlıdır?

"Rusiya hələ də maksimalist mövqedədir və real güzəştə getməyə hazır deyil..."

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında bu ay keçirilməsi planlaşdırılan Budapeşt sammiti gözlənilmədən ləğv edilib. "Financial Times" nəşrinin yazdığına görə, görüşün pozulmasına Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtona göndərdiyi sərt məzmunlu memorandum səbəb olub.

"Moskva çox şey istəyir"

Sənəddə Moskva "münaqişənin köklü səbəblərinin aradan qaldırılması" adı altında Ukraynaya qarşı ultimativ tələblər irəli sürüb. Bunlara hələ Rusiya nəzarətinə keçməmiş ərazilərin təhvil verilməsi, Ukrayna Silahlı Qüvvələrinin ciddi şəkildə azaldılması və ölkənin heç vaxt NATO-ya üzv olmayacağına dair zəmanət daxildir.

Bu şərtləri qəbul etməyən ABŞ tərəfi Moskvanın kompromisə meylli olmadığını bəyan edib. Gərgin telefon danışığı ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya XİN rəhbəri Sergey Lavrov arasında baş tutub və bu söhbət nəticəsində Budapeşt görüşünün ləğvinə qərar verilib.

Rubionun fikrincə, Moskva "nə bir addım geri çəkilir, nə də sülhə doğru real iradə göstərir" və sadəcə vaxt udmağa çalışır. Bununla belə, Tramp administrasiyası gələcəkdə danışıqların davam etdirilməsini yalnız yalnız konkret nəticə əldə olunacağı halda istisna etmir.

Budapeşt sammitinin iflası və diplomatik rezonans

Budapeşt görüşü rəsmi olaraq ləğv edildikdən sonra diplomatik kuluarlarda müxtəlif versiyalar səslənib. "Financial Times" yazır ki, qərar ABŞ və Rusiya diplomatları arasında baş verən gərgin telefon danışığından dərhal sonra qəbul olunub.

Tramp oktyabr ayının sonunda Putinlə görüşmək niyyətini açıqlayıb, dəqiq tarix bildirməsə də, "yaxın zamanda Budapeştdə keçiriləcəyini" deyib. Lakin artıq oktyabrın 21-də sammitin təxirə salındığı və hazırlıqların dayandırıldığı məlum olub.

Macarıstan tərəfi isə bu xəbərləri qismən təkzib edib. Xarici işlər naziri Peter Siyarto bəyan edib ki, "Tramp administrasiyası sammit ideyasından tam imtina etməyib" və Budapeşt hələ də potensial ev sahibi kimi qalır.

Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb ki, "əgər bu danışıqlar real sülhə gətirib çıxaracaqsa, ölkəmiz hər yerdə, o cümlədən Budapeştdə iştirak etməyə hazırdır". Lakin Macarıstan baş naziri Viktor Orbanın Kiyevə münasibəti hələ də skeptik olaraq qalır və bu da diplomatik prosesin gələcəyini qeyri-müəyyən edir.

Budapeşt sammitinin ləğvi bir daha göstərdi ki, Rusiya hələ də maksimalist mövqedədir və real güzəştə getməyə hazır deyil. Tramp administrasiyası isə "sülh xəritəsi"ni yalnız balanslı şərtlərlə qəbul etməyə meyllidir. Nəticədə, bu diplomatik toqquşma Moskvanın beynəlxalq təcridini bir qədər də dərinləşdirib, ABŞ-ın isə Ukrayna məsələsində qətiyyətini nümayiş etdirib.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər