Qərb liderlərini Ankaraya gətirən səbəblər:
Dünya
1146
13:42, Bu gün

Qərb liderlərini Ankaraya gətirən səbəblər: "Avropa indi Türkiyəyə möhtacdır"

Britaniyanın Baş naziri Rişi Sunakın Türkiyəyə səfərinin ardından gecəylə Almaniya kansleri Olaf Şolts da Ankaraya gəlib. Qısa zaman ərzində iki aparıcı Avropa liderinin ardıcıl şəkildə Türkiyəyə gəlməsi beynəlxalq müşahidəçilərin diqqətini çəkib. Ukraynada gərginliyin artdığı, Rusiya ilə Qərb arasında qarşıdurma ehtimallarının müzakirə olunduğu bir vaxtda bu səfərlərin arxasında hansı məqsədlərin dayandığı maraq doğurur. Avropa liderlərini bu qədər təcili şəkildə Türkiyəyə gətirən əsas səbəb nədir? Mümkün Avropa–Rusiya münaqişəsi fonunda Türkiyənin tutacağı mövqe və alacağı rol aydınlaşdırılır?
Moderator.az-a danışan türkiyəli politoloq İsmayıl Cingöz bildirib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunakın səfərindən dərhal sonra Almaniya kansleri Olaf Şolts da Ankaraya gəlib. Onun sözlərinə görə, Avropa hazırda həm Rusiyaya qarşı narahatlıq, həm də Amerika Birləşmiş Ştatlarına qarşı etimadsızlıq hissi yaşayır:
 
“ABŞ NATO üzvü Avropa ölkələrini Rusiyaya qarşı qorumaqda davam edir və Avropa ölkələri NATO öhdəliklərini yerinə yetirməsələr, ABŞ artıq bu yükü təkbaşına daşımayacağını açıq şəkildə bəyan edir. ABŞ-ın ritorikasına görə, əgər Amerika NATO-dan çıxarsa, Avropa Rusiyanın növbəti hədəfi ola bilər. Eyni zamanda ABŞ Avropa ölkələrindən silah almasını və Rusiyaya qarşı müdafiə qüvvələrini gücləndirməsini, həmçinin Vaşinqtonun regiondakı mövcudluğunu maliyyələşdirməsini tələb edir. Avropa ölkələri ABŞ olmadan necə müdafiə sistemi qura biləcəkləri barədə narahatdır və faktiki olaraq Türkiyə olmadan bu sistemi qura bilməyəcəklərini etiraf edirlər. Avropa liderləri Türkiyənin hərbi gücü və yerli müdafiə sənayesi vasitəsilə təminat əldə edə biləcəklərini görür və bu səbəbdən son vaxtlar Ankara ilə yaxınlaşmaq üçün təşəbbüslər artır. ABŞ-dan tələb olunan “F-35” “F-16” təyyarələrinin verilməməsi, mövcud “F-16”ların  modernləşdirilməsi üçün lazımi avadanlığın təminində ləngimə, Türkiyəni alternativ istiqamətlərə yönəldib".
 
Avropa ölkələrinin Türkiyə ilə yaxınlaşması yalnız hərbi sahədə deyil, eyni zamanda Avropanın ABŞ olmadan öz müdafiə konseptini inkişaf etdirməyə çalışması baxımından da önəmlidir:
 
“Avropa ölkələri İkinci Dünya Müharibəsindən sonra müdafiələrini ABŞ-a etibar edərək bir çox üstünlüklər əldə etmişdi, lakin hazırda bunun problemlərini yaşayırlar. ABŞ əvvəllər Avropa NATO üzvlərinə demişdi ki, “Sizin müdafiənizi mən təmin edəcəyəm, siz isə bunun qarşılığında silah, texnika və digər avadanlıqları bizdən alacaqsınız və ÜDM-in müəyyən hissəsini NATO üzvlük haqlarını  ödəyəcəksiniz. Ukraynanın yeraltı və yerüstü zənginlikləri ilə bağlı ABŞ və Rusiyanın razılığa gəlməsi  Avropanı Ukraynanın resurslarından kənarda qalmasına səbəb olub.
ABŞ və Avropa arasında bu məsələdə fikir ayrılığı mövcuddur: Avropa Ukraynanın ərazi bütövlüyünü təmin etmək, Kırımın ilhaqından imtina etdirərək sülh əldə etmək istəyir, amma ABŞ bu məsələdə fərqli yanaşır. ABŞ olmadan Avropa ölkələri Rusiyaya qarşı Türkiyə ilə razılığa gəlmək istəyirlər, amma bu prosesdə Ankara  ilə tam bir asılılıq yaratmamağa çalışırlar. Eyni zamanda, Türkiyənin Avropa ölkələrinə sərbəst və tam dəstək verməsi ehtimalı da çox zəifdir”.
 
İsmayıl Cingöz vurğulayıb ki, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas lokomotiv ölkələri kimi öz müdafiə və iqtisadi strategiyalarını tədricən formalaşdırırlar:
 
 “Yeni dünya sistemində Türk Dövlətləri Təşkilatı öz güc mərkəzlərini formalaşdırmağa başlayıb və bu istiqamətdə mühüm addımlar atılır. Avropa ölkələri bu məsələdə böyük narahatlıq içərisindədir. TDT öz güc mərkəzini formalaşdırarkən, Avropa ölkələri isə özünü bir istiqamətsizlik vəziyyətində görür. Bu səbəbdən Avropa ölkələri Türkiyəyə ehtiyac duyur və bununla üzləşmək məcburiyyətindədir.
Gələcəkdə Avropa və Rusiya arasında mümkün əməkdaşlıqda Türkiyənin hansı mövqedə olacağı hələlik qeyri-müəyyəndir. Lakin Türkiyənin Rusiyayla strateji əlaqələri nəzərə alınarsa, ehtimal ki, Türkiyə və Türk Dövlətləri Təşkilatı belə bir vəziyyətdə tərəfsiz mövqe tutacaq. Rusiyanın Ukraynaya qarşı müharibəsində Ankara tərəfsizliyini qoruyub, hər iki ölkə ilə dialoqu, ticarət və görüşlərini fasiləsiz davam etdirərək tərəfsiz və etibarlı bir status qazanıb. Yaxın gələcəkdə Avropa ölkələri həm qeyri-müəyyənlik, həm də təhlükəsizlik narahatlığı ilə üzləşəcək.  Tarix göstərir ki, uzun illər Türkiyəni kənarda saxlayan Avropa indi Türkiyəyə möhtacdır”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər