 
                            "Daxili sakitlik üçün ilk addım zərərli vərdişlərdən qurtulmaqdır..."
Hər kəs xoşbəxt olmaq istəyir. Amma xoşbəxtlik çox vaxt düşündüyümüz kimi sadəcə təbəssüm və ya uğurla gəlmir.
Moderator.az xəbər verir ki, bu barədə "brodude.ru" nəşri yazıb.
Həyat bəzən ağır sınaqlar gətirir, ürəkdə və yaddaşda iz qoyur, sonra isə bizdən "yola davam et" deyə tələb edir. Bunu etmək isə göründüyündən çətindir. Əgər psixoloji sağlamlığını gücləndirib, daha çox daxili rahatlıq tapmaq istəyirsənsə, o zaman səni hər gün yorğun edən bu 8 vərdişdən imtina etməyin vaxtıdır.
1. Reallıq adı altında gizlənən bədbinlik
"Realistəm, sadəcə reallığı görürəm" - bu ifadə əslində tez-tez bədbinliyin maskası olur. Realizm dünyanı yalnız qaranlıq rənglərlə boyamaq deyil, onu olduğu kimi görməkdir. Həyatda problemlər olur, amma bu, çıxış yolunun olmaması demək deyil. Əgər bir işdə uğursuzluqla üzləşmisənsə, "hər şey bitdi" demə.
Düşün: "Hazırda çətindir, amma mən bunun öhdəsindən gələ bilərəm". Sağlam nikbinlik insanı ayaqda saxlayan ümiddir. Kiçik uğurlarını qeyd et: çətin günü geridə qoydunsa, kimsə ilə səmimi danışdınsa - yaz. Uğurların gündəliyi səni xilas edəcək. Və unutma: pozitiv insanlar yol göstərir, çünki əhval-ruhiyyə yoluxucudur.
2. Başqalarının təsdiqinə möhtac olmaq
Əgər sən xoşbəxtliyini başqalarının rəylərinə bağlamısansa, o zaman özünü asılı vəziyyətə salırsan. Bu gün səni tərifləyirlər -əhvalın yüksəkdir, sabah susurlar - və sən artıq öz dəyərinə şübhə edirsən. Belə yaşamaq öz həyatını başqalarının əlinə vermək deməkdir. Özünü tərifləməyi öyrən. Başqalarının "bəyəndim" deməsini gözləmə - sən özünü bəyənməyə başla. Öz məqsədlərini qur, başqalarının fikrindən asılı olmayan addımlar at.
3. Problemlərdən qaçmaq
Problemi görməzdən gəlmək onu həll etmir, sadəcə böyüdür. Daxilində narahatlıq varsa və sən onu susdurmağa çalışırsansa, bu, gec-tez stres, yorğunluq və ya xəstəlik kimi üzə çıxacaq. Çətinliklərdən qaçmaq əvəzinə, onlarla üzləş. Kiçik addımlarla başla: bir məsələni yaz, analiz et və mərhələli şəkildə həll et. Lazım gələrsə, dost və ya psixoloq dəstəyindən çəkinmə.
4. Məsuliyyətdən qaçmaq
Həyatda dəyərli heç nə səy göstərmədən yaranmır. Əgər sən məsuliyyəti qəbul etmirsənsə, həyatının idarəsini başqalarına verirsən. Qorxma - məsuliyyət səni azad edir, çünki o, öz həyatının sahibinə çevirir. Uğurun qiyməti var - onu əmək və iradə ilə ödəmək peşmanlıqla ödəməkdən qat-qat yaxşıdır.
5. Şəxsi sərhədlərin olmaması
Əgər sərhədlərin yoxdursa, hər kəs həyatına daxil ola bilər. İnsanlar səni manipulyasiya etməyə, enerji və vaxtını almağa başlayır. Sərhədlər kobudluq deyil, aydınlıqdır. Sən "xeyr" demək haqqına maliksən. Toksik insanlardan uzaq ol - neqativlik yoluxur. Öz "qırmızı xətlərini" müəyyənləşdir və onlara sadiq qal.
6. Dəyişiklik qorxusu
Dəyişiklik qorxuludur, çünki o, bilinməzliklə bağlıdır. Amma inkişaf yalnız dəyişikliklə gəlir. Əgər sən sevmədiyin bir işdə, ya da səni məhv edən münasibətdə qalmaqla özünü qoruduğunu düşünürsənsə, yanılırsan. Dəyişiklik bəzən azadlığın başlanğıcıdır. Yeni mərhələyə kiçik addımlarla keç. Özündən soruş: "Əgər hər şey eyni qalarsa, mən nə itirəcəyəm?" Cavab çox şeyi izah edəcək.
7. Özünü başqaları ilə müqayisə etmək
Başqalarının uğurlarına baxıb özünü dəyərsiz hiss etmək ən dağıdıcı vərdişlərdəndir. Hər kəsin yolu fərqlidir. Özünü yalnız dünənki "sən"lə müqayisə et. Unutma: başqalarının uğuru sənin imkanlarını az altmır.
8. Özünə qayğı göstərməmək
Pul, dostlar, karyera - əgər sağlamlıq və ruh düşkünlükdədirsə, bunların hamısı mənasızdır. Özünə qayğı göstərmək eqoizm deyil, zərurətdir. Yaxşı yat, gəz, bədənini və beynini dincəlməyə burax. Özünü unutduqda, həyatın rəngi solur. Həyatı ağırlaşdıran bu vərdişlər tədricən səni tükəndirir. Xoşbəxtlik isə sənin içindədir - o, itirilməyib, sadəcə səssizcə səni gözləyir. Özünü dinlə, dəyişiklikdən qorxma və hər gün kiçik, amma düzgün addım at.
 
				 
				 
				 
                             
                             
                             
                            