ABŞ məhkəməsi İrana bağlı sui-qəsd planını ifşa etdi: iki rusiyalıya 25 il həbs cəzası verilib
Dünya
390
30 Oct 2025 | 21:35

ABŞ məhkəməsi İrana bağlı sui-qəsd planını ifşa etdi: iki rusiyalıya 25 il həbs cəzası verilib

Dissident jurnalistə qarşı beynəlxalq sui-qəsd

Rusiya mətbuatının yazdığına görə, ABŞ-ın Nyu-York şəhərində federal məhkəmə iki Rusiya vətəndaşını - 46 yaşlı Rafat Amirovu və 41 yaşlı Polad Omarovu İran hökumətinin dəstəyi ilə iranlı-amerikalı jurnalist Məsih Alinejadın qətlini planlaşdırmaqda təqsirli bilərək 25 il azadlıqdan məhrum edib.

İstintaqın məlumatına görə, onlar İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (İİKK) ilə əlaqədə olub və Tehranın xaricdəki tənqidçilərə qarşı həyata keçirdiyi "transmilli repressiya" kampaniyasının bir hissəsi kimi hərəkət ediblər.

Prokurorluq müəyyən edib ki, sui-qəsd üçün təxminən 500 min dollar ödəniş planlaşdırılıb. ABŞ Federal Təhqiqat Bürosu (FTB) Alinejadın evinin yaxınlığında şübhəli hərəkətləri müşahidə etdikdən sonra əməliyyatı vaxtında zərərsizləşdirib və mümkün qətli qarşısı alınıb.

"Voice of America" jurnalisti və qadın haqları müdafiəçisi Alinejad məhkəmədə çıxış edərək bildirib: "Mən Amerikaya azad yaşamaq üçün gəlmişdim, amma azad həyatım olmadı. Onlar mənim həyatımı dağıtdılar, amma məni sındıra bilmədilər".

İranın kölgə əməliyyatlarına sərt cavab

Bu iş ABŞ-ın son illərdə gücləndirdiyi "transmilli repressiyalara qarşı mübarizə" siyasətinin ən səs-küylü nümunələrindən biridir. Məhkəmə həm İrana, həm də onun vasitəçiliyilə hərəkət edən cinayət şəbəkələrinə açıq mesaj göndərib: xaricdəki dissidentlərə qarşı zorakılıq cəzasız qalmayacaq.

Eyni zamanda, hadisə Rusiya və İran arasındakı qeyri-rəsmi əməkdaşlığın təhlükəli miqyas aldığını da göstərir - Moskva mənşəli şəxslərin Tehranın tapşırıqları ilə hərəkət etməsi Qərbin bu iki rejimə qarşı birgə təzyiq siyasətini daha da sərtləşdirə bilər. Məsih Alinejad hadisəsi yalnız bir jurnalistin xilas hekayəsi deyil, həm də rejim zorakılığına qarşı beynəlxalq həmrəyliyin simvoluna çevrilib.

Moderator.az

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər