Rusiya limanından Hindistan istiqamətində yola düşən daha bir neft tankeri ABŞ-nin sanksiyalarına görə dənizdə ilişib qalıb.
Moderator.az bildirir ki, bu barədə xəbəri "Reuters" treyderlərin və LSEG (London Stock Exchange Group) məlumatlarına istinadla yayıb.
Ust-Luqa limanından (Baltiк dənizi) təxminən 40 min ton neftlə Hindistana yola düşən "Prometei" gəmisi oktyabrın 26-dan etibarən Hindistan sahillərində dreyf edir və Mundra limanına daxil ola bilmir.
Rusiya nefti Mundra limanı vasitəsilə Hindistanın "HPCL-Mittal Energy" şirkətinin Pəncab ştatındakı neft emalı zavoduna çatdırılmalı idi. Şirkətin adı açıqlanmayan nümayəndəsi bildirib ki, rəhbərlik sanksiyaya məruz qalan şirkətlərdən xammal almaqdan imtina etmək qərarına gəlib.
Dünən bəlli olub ki, Baltik dənizinin Primorsk limanından "Rosneft"in 730 min barel xam nefti yüklənmiş "Furia" tankeri də geri dönüb və Almaniya sahillərində dreyf edir.