ABŞ hökuməti tərəfindən maliyyələşdirmənin qismən dayandırılması (şatdaun) Federal Təhqiqatlar Bürosunun (FTB) işinə ciddi təsir göstərib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Bildirilir ki, FTB-nin apardığı araşdırmalar ABŞ tarixində uzunmüddətliliyinə görə ikinci şatdaun səbəbindən dayandırılıb və ya yavaşıyıb.
Qurumun mövcud və keçmiş əməkdaşları qeyd edirlər ki, maliyyə məhdudiyyətləri əməliyyatların keçirilməsinə, agentlərin operativ səfərlərinə, onların informatorlarla işinə təsir göstərir,
Büro 10.7 milyard dollar həcmində büdcə vəsaitinin hara xərcləndiyi barədə məlumatı ictimaiyyətə açıqlamır. Odur ki, məbləğin hansı hissəsinin şatdaun səbəbindən gecikdirildiyi aydın deyil. Belə ki, qurum informatorların pulunu ödəmədən operativ kəşfiyyat məlumatlarının ən mühüm mənbəyini itirir.
FTB nümayəndəsinin sözlərinə görə, bu cür məhdudlaşdırmalar milli təhlükəsizliyi təhlükə altına qoyur.
Büronun direktoru Keş Patelin daha əvvəl bildirib ki, Vaşinqton administrasiyası istənilən halda əməkdaşların məvaciblərini ödəyəcək.
Ağ Evin İnzibati-Büdcə İdarəsi isə bəyan edib ki, şatdauna baxmayaraq, Amerika hərbçilərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının məvaciblərinin ödənilməsini təmin etmək niyyətindədir.