Rusiya nüvə energetik qurğusu ilə təchiz edilmiş "Poseydon" sualtı aparatının növbəti sınağını keçirib.
Moderator.az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə videoəlaqə vasitəsilə iclas zamanı məlumat verib.
Putin keçirilən sınaqları "böyük uğur" adlandırıb və kompleksin Hərbi Dəniz Donanmasının inkişaf proqramı çərçivəsində sınaq mərhələlərini keçməyə davam etdiyini vurğulayıb.
Qeyd edək ki, "Poseydon" daha əvvəl "Status-6" (NATO kod adı "Kanyon") kimi tanınırdı. Bu, Rusiyanın nüvə energetik qurğusu ilə təchiz edilmiş pilotsuz sualtı aparatı layihəsidir. Mahiyyət etibarilə, bu, nüvə torpedasıdır ki, əraziyə ağır zərər vurmaq və bununla da geniş radioaktiv çirklənmə və sunami sahələri yaratmaq qabiliyyətinə malikdir.
"Poseydon"un uzunluğu 20 metr, diametri 1,8 metr və çəkisi 100 tondur və onun qarşısının alınması mümkün deyil.