Ağ Ev oktyabrın əvvəllərində Atlantik Donanmasının Norfolkdakı (Virciniya ştatı) əsas bazasında keçirilən genişmiqyaslı hərbi güc nümayişi zaman ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə mulyajlar əvəzinə əsl aviabombalardan istifadə etməyi təkidlə tövsiyə edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 250 illiyinə həsr olunmuş "Dəniz titanları" təlimlərinin ilkin planına əsasən, hərbçilər çəkisi təxminən bir ton olan döyüş bombaları əvəzinə mulyajlardan istifadə etməli idi. Lakin Ağ Ev nümayəndələri manevr təşkilatçılarını xəbərdar ediblər ki, Tramp qondarma deyil, həqiqi partlayış görmək istəyir.
Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi bu səbəbdən Norfolkdakı hərbi nümayişin təhlükəsizlik protokollarına əməl olunmasını təmin edən ətraflı planı dəyişməyə məcbur olublar. Üstəlik, dəniz piyadalarının şərəfinə həqiqi artilleriya mərmilərindən yaylım atəşi açılıb.
Tədbirdə ABŞ-nin vitse-prezidenti Jey Di Vens və Pentaqonun başçısı Pit Heqset də iştirak ediblər.
Maraqlıdır ki, Norfolk bazasında mulyaj əvəzinə döyüş bombalarından istifadə olunması ilə bağlı məlumatlar oktyabrın 18-də Cənubi Kaliforniya sahillərində Kemp-Pendlton (San Dieqo dairəsi) dəniz piyadaları korpusunun bazası yaxınlığında keçirilən manevrlər zamanı döyüş artilleriya mərmilərindən açılan atəşlə bağlı hərtərəfli araşdırmanın aparıldığı bir vaxta təsadüf edib.