Bizi sosial şəbəkələrdən izləyin:
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində görüşəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı liderlər Çin-ABŞ münasibətlərinin inkişafı məsələsini müzakirə edəcək və tərəflərin ümumi maraqlarına toxunan mövzuları qaldıracaqlar.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt Trampın oktyabrın 30-da Si Cinpinlə danışıqlar aparacağını təsdiqləyib.
ABŞ liderinin sözlərinə görə, gələn həftə o, Si Cinpindən Çinin Rusiya neftini almasını azaltması mövzusunu müzakirə etmək niyyətindədir. Bundan əlavə, ABŞ prezidentinin sözlərinə görə, görüşdə Ukraynada vəziyyətin nizamlanması məsələsi də qaldırılacaq.
Xatırladaq ki, oktyabrın 27-də ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirmişdi ki, Tramp qarşıdakı görüşdə ÇXR sədrindən Rusiyaya təzyiqi artırmağı xahiş edə bilər.