Pakistan və Əfqanıstan arasında gərginlik yeni mərhələyə qədəm qoyub. Oktyabrın 27-də iki ölkə arasında keçirilən danışıqlardan nəticə əldə olunmaması bölgədə müharibə ehtimallarını daha da artırıb. İstanbulda baş tutan uğursuz diplomatik cəhdlərin ardından Pakistanın hava məkanını bağlaması və yeni raket sınağı keçirməsi vəziyyəti kəskinləşdirib. Pakistanın hava məkanını bağlaması və yeni raket sınağı bölgədə müharibə ehtimalını nə dərəcədə artırır? Əgər toqquşmalar genişlənərsə, bu münaqişənin regional və beynəlxalq miqyasda hansı nəticələri ola bilər? Çin, İran və ABŞ kimi güclərin bu prosesə reaksiyası nə ola bilər? Onların maraqları bu gərginlikdən necə təsirlənə bilər?
Moderator.az-a danışan politoloq Natiq Miri deyib ki, Pakistanın hava məkanını bağlaması və raket sınaqları keçirməsi qabaqlayıcı tədbirlərdir:
“Çünki hava məkanının bağlanması artıq imkan verir ki, istənilən obyektlər dərhal vurulacaq. Raketlər sınağının keçirilməsi hər zaman potensial müharibəyə hazırlıq xarakteri daşıyır. Bu həm də güc nümayiş edir ki, hər hansı bir potensial qarşıdurma olduğu təqdirdə dərhal bütün hərbi strateji obyektlər məhv ediləcək. Yəni bu, həm də xəbərdarlıq mesajıdır.
Bu gün dünya elə bir vəziyyətdədir ki, bu toqquşmaların miqyasının genişlənməsinə imkan veriləcəyi ehtimalı o qədər də böyük deyil. Çünki Türkiyə, Amerika Birləşmiş Ştatları, o cümlədən bəzi ərəb ölkələri vasitəçilik missiyasını həyata keçirirlər. Təbii ki, bu məsələdə maraqlı olan tərəflər də var. Hindistan Pakistanın belə bir münaqişələrdə olması və zəifləməsini istəyən dövlətlərdəndir. Çin amili də var ki, Pakistanla strateji tərəfdaş, müttəfiq olan ölkədir. Bu baxımdan bu müharibənin uzunmüddətli olması o qədər də ağlabatan görsənmir. Üstəlik, Əfqanıstanın hərbi imkanları Pakistanla müqayisə olunmayacaq dərəcədə zəifdir. Bu baxımdan böyük müharibə baş verdiyi təqdirdə qısa müddətdə Əfqanıstanın bütün hərbi imkanlarının məhv edilmə ehtimalı böyükdür, bunu Əfqanıstanda da anlayırlar. Ən azından qısamüddətli toqquşmalarda Pakistan bir daha bunu açıq şəkildə göstərmiş oldu. Sadəcə, sərhədlərin müəyyənləşməsi və tanınması məsələlərində problemlər var ki, bu da bir əsr qabaq ingilis hiyləsi ilə suni şəkildə yaradılıb ki, bir tərəfdə Pakistan- Hindistan bu məsələlərlə bağlı hər zaman münaqişə vəziyyətindədirlər, bir tərəfdə də Pakistan- Əfqanıstan arasında ərazi mübahisələri davam edir. İnsanlar bununla bağlı hələ də bir - birini öldürməyə davam edirlər. Pakistanın açıq şəkildə tələb etdiyi məsələlərdən biri də Əfqanıstan rəhbərliyinin terrorçu qruplara hamilik etməsi məsələsini dayandırmasıdır. Çünki hələ də Pakistan sərhəd məntəqələrinə bu terrorçu qruplaşmalar hücum edirlər ki, bu da böyük eskalasiyaya gətirib çıxardır. Hələlik bununla bağlı Əfqanıstan üzərinə hər hansı bir öhdəlik götürmür”.
Politoloq qeyd edib ki, hər bir halda Əfqanıstan bu danışıqlarda üstün tərəf kimi çıxış etmir.
“Baxmayaraq ki, bu məsələdə müəyyən mənada “cığallıq” və “tərslik” edirlər, ancaq seçim imkanları o qədər böyük deyil və müharibənin başlama və uzunmüddətli olmalı imkanları da çox deyil, çünki buna imkan verməyəcəklər. İmkan olduğu təqdirdə acınacaqlı iqtisadi vəziyyətində olan Əfqanıstanın bu müharibəni udmaq imkanı sıfıra bərabərdir. Hər bir halda müəyyən dil tapılacaq, anlaşma əldə olunacaq. Ola bilsin ki, bu prosesə əngəl olan amillər də mövcuddur. Çünki Pakistanın başının qarışmasını istəyən qüvvələr də var. ABŞ, Çin, Türkiyə, Körfəz ölkələri də bu müharibənin dərhal dayandırılmasını istəyirlər. Ona görə də mən bu böyük bir müharibənin başlamasını gözləmirəm. İndiki vəziyyətdə bu nə Çin dövlətinin, ABŞ -ın, Türkiyənin maraqlarına uyğun deyil. Çünki Çinin də özünün Əfqanıstanda ciddi iqtisadi maraqları var. Faydalı qazıntıların istismarı məsələsinə milyardlarla investisiyalar qoyulub. Bu baxımdan belə bir müharibənin uzunmüddətli olmasına imkan verilməyəcək”,- deyə Natiq Miri qeyd edib.
Mehin Mehmanqızı