Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Qəzza sektorunda daha əvvəl elan edilmiş atəşkəs rejimi yenidən pozulub. İsrailin Baş naziri Benyamin Netanyahu Orduya Qəzza zolağına güclü zərbələrin endirməyi əmr edib. Netanyahunu bu addımı atmağa təhrik edən səbəb nədir?
Politoloq Azad Məsiyev Moderator.az-a bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilir:
“ABŞ İsrailə həm siyasi, həm də hərbi dəstəyini verməsəydi, İsrail bölgədə bu cür aqressiv siyasət həyata keçirə bilməzdi. İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, hakimiyyətə gələn siyasi komanda ümumdünya yəhudi lobbisinin bir proqramını həyata keçirir. Bu proqram da ondan ibarətdir ki, Yaxın Şərqdə böyük İsrail dövləti yaradılsın. Bu yaxınlarda İsrailin Baş naziri tarixi bir sənədi alaraq bəyan etdi ki, biz vəd olunmuş torpaqları əldə edəcəyik. Bu o deməkdir ki, İsrail təkcə Fələstinə deyil, bütövlükdə qonşu ölkələrin ərazilərinə iddialıdır və bu proqramı müxtəlif bəhanələrlə həyata keçirir. Terrorla mübarizə, girovların azad olunması və özünü müdafiə adı altında Suriya, Liviya və Fələstin torpaqlarını işğal edərək ərazilərini genişləndirir.
Bildiyiniz kimi, İsrailin baş naziri Qəzzada apardığı siyasət nəticəsində 100 minə yaxın dinc sakin — uşaqlar, qadınlar, qocalar — həlak olub. İsrailin Qəzzada apardığı siyasət beynəlxalq ictimaiyyətin qınağına çevrilib. Hətta Birləşmiş Millətlər Təşkilatının toplantısında çıxış etdiyi zaman yüzə yaxın dövlətin nümayəndəsi Netanyahunu boykot edərək zalı tərk etmişdi. Bu mesaj həm İsrailə, həm də onu himayə edən və dəstəkləyən ABŞ-a ünvanlanmış beynəlxalq təzyiqdir.
Amerika Birləşmiş Ştatları prezidenti Trampın guya sülh missiyası ilə əlaqədar çıxış etdiyi atəşkəs təklifi və sazişi sadəcə bir siyasi şoudur, yəni görüntü xarakteri daşıyır. Amerika, İsrailə qarşı beynəlxalq təzyiqi aradan qaldırmaq, hətta İsrailə yönəlmiş qınağı yumşaltmaq üçün guya atəşkəsi əldə etdiyini, sülhün təmin olunduğunu bəyan edir”.
Politoloq qeyd edib ki, məqsəd müvəqqəti olaraq gərginliyi aradan qaldırmaq, bir müddətdən sonra isə bu atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamaqdır:
“İsrailin siyasi hakimiyyəti Qəzza sakinlərini bölgədən deportasiya etmək, doğma yurdlarından didərgin salmaq və köçürmək niyyətindədir. Və Qəzzanın 70–80 faizinə nəzarət edən İsrailin hərbi qüvvələri orada əhalinin yaşaması üçün bütün infrastrukturu dağıtmışdır. Yəni məqsəd sakinləri doğma yurdlarından deportasiya etmək və Qəzzanı bütövlükdə İsrailin ərazisinə qatmaqla “Böyük İsrail” dövlətini yaratmaq proqramını həyata keçirməkdir. Bugünkü İsrail dövləti tarixi Fələstin torpaqları hesabına yaradılıb və genişlənməkdədir. Əgər beynəlxalq ictimaiyyət İsrailə qarşı Rusiyaya göstərilən kimi sanksiyalar tətbiq etməzsə, İsrailin aqressiyasının qarşısı alınmayacaq. İsrailə təzyiq göstərmək iddiasında olan hansı dövlət olursa-olsun — istər Fələstin dövlətinin tanınması barədə bəyanat versin, istərsə İsrailə qarşı tənqidi çıxışlar etsin — həmin dövlətlərdə müxtəlif metod və üsullarla böhran yaradılır. Yəni məsələ təkcə ABŞ-ın İsrailə dəstəyindən ibarət deyil; ümumdünya yəhudi lobbisi, mason təşkilatları və digər qüvvələr İsraili dəstəkləyərək “Böyük Yəhudi Dövləti” proqramını həyata keçirməyə çalışırlar”.
Politoloqun fikrincə, hər bir hadisə məhz bu proqramın strategiyasına hesablanıb:
“Atəşkəs Amerikanın apardığı görüntü xarakterli sülh danışığıdır, yəni beynəlxalq ictimaiyyətin İsrailə qarşı təzyiqini müvəqqəti aradan qaldırmaq, gərginliyi yumşaltmaq məqsədi daşıyır. İsrailin baş naziri Qəzzanı bombalamaq barəsində göstəriş verib. Həmas hərəkatının rəhbəri isə açıq şəkildə bəyan edir ki, girovlar İsrailin bombardmanı nəticəsində həlak olub, bunu isə İsrailin rəsmiləri qəbul etmir.
Bu yaxınlarda Amerikanın bir eksperti açıq şəkildə bildirmişdi ki, ABŞ-da ümumdünya yəhudi lobbisinin dəstəyi olmadan siyasi hakimiyyətə gəlmək qeyri-mümkündür. Yəni Amerikada hakimiyyətə gələn partiya mütləq şəkildə öhdəlik götürür, bir mənəvi borc daşıyır və bu borcu yerinə yetirmək üçün İsrailə siyasi dəstək verir.
Hesab edirəm ki, Yaxın Şərqdə baş verən hadisələrin atəşkəs adı altında verilmiş və imzalanmış sənədinin heç bir perspektivi yoxdur. Müntəzəm şəkildə İsrail Fələstin torpaqlarını, xüsusilə də Qəzzanı işğal etdikdən sonra ümumilikdə Fələstinin bütün ərazisini işğal etmək və qonşulara təhdid yaradaraq onların da torpaqlarını özünə qatmaq siyasətini həyata keçirəcək. Bunu isə zaman-zaman mərhələlərlə həyata keçirir və bu, uzunmüddətli bir proqramdır”.
Mehin Mehmanqızı