"Milyon olmadan xoşbəxt yaşamağın 5 prinsipi..."
Gələcək xoşbəxtlik haqqında xəyal qurarkən biz çox vaxt gözəl bir evi, maraqlı səyahətləri və ya bahalı bir avtomobili təsəvvür edirik. Əslində isə biz bu şeylərin özlərini deyil, onların bizə bəxş edəcəyinə inandığımız məmnunluq hissini arzulayırıq.
Moderator.az xəbər verir ki, bu barədə "psychologies.ru" nəşri yazıb.
"Pul xərcləmək sənəti" kitabının müəllifi Morqan Hauzel izah edir ki, daha çox şeyə can atmaq bizi fərqinə varmadan indiki anın sevincindən məhrum edə bilər. O, sərvət uğrunda yarışa girmədən daha xoşbəxt yaşamağa kömək edəcək beş prinsipi açıqlayıb.
1. Gündəlik həyatda gözəlliyi görmək
Fransız yazıçısı Marsel Prust bir gəncə belə deyib: "Əsl gözəlliyi görmək istəyirsənsə, Şardenin rəsmlərinə bax". O, sadə səhnələri - meyvələri, ev heyvanlarını, sakit təbiəti çəkirdi. Bu yanaşma insana anladır ki, gözəllik ətrafımızdadır, onu görmək üçün yalnız diqqət lazımdır. Həyatı ideallaşdırmaq əvəzinə, yaşadığımız anı dəyərləndirmək əsl rifahın başlanğıcıdır.
2. Daxili harmoniya tapmaq
Ən xoşbəxt insanlar çox vaxt ən varlı olanlar deyil. Onlar sadəcə özləri ilə razıdır. Hauzel həyat yoldaşının nənəsini misal çəkir: o, kiçik pensiya ilə yaşayırdı, amma bağında çalışmaq və sevdiyi kitabları oxumaq ona sonsuz sevinc bəxş edirdi. Daxili harmoniya var-dövlətlə ölçülmür. O, insanın gündəlik həyatdan mənəvi doyum tapmaq bacarığından doğur.
3. Öz istəklərini dərk etmək
Hauzel insan arzularını dörd vəziyyətə bölür:
- Bir şeyi istəmirsənsə və səndə yoxdursa, bu barədə düşünmürsən.
- İstəyirsənsə və səndə varsa, özünü rahat hiss edirsən.
- İstəyirsənsə, amma hələ yoxdursa, bu, səni motivasiya edir.
- İstəyirsənsə, amma heç cür əldə edə bilmirsənsə, bu, səni əzir.
İnsan nə qədər tez "mənim üçün bu qədər kifayətdir" deməyi bacarırsa, bir o qədər tez anlayır ki, əslində heç vaxt kasıb olmayıb.
4. İstək və tələbləri məhdudlaşdırmaq
Müəllifin fikrincə, bəzi varlı insanlar maddi cəhətdən çox şeyə sahib olsalar da, daxili rahatlıqdan məhrumdur. Onun həyat yoldaşının nənəsi isə azla xoşbəxt idi, çünki gözləntiləri sadə idi. Bu, "psixoloji zənginlik" adlanır - puldan deyil, düzgün prioritetlərdən doğan daxili sərvətdir. Həyatda ən böyük sərmayə, əslində, az istəmək və sahib olduqlarını dəyərləndirməkdir.
5. Öz bütövlüyünü hiss etmək
Daha çox istəyən insan daim nəyinsə çatışmadığını düşünür. Amma azla razı qalan, ehtiyaclarını tam ödəyən şəxs özünü həqiqətən varlı hiss edir. Hauzelin fikrincə, xoşbəxtlikdən ötrü sivilizasiyanın nemətlərindən imtina etmək lazım deyil. Geniş evdə yaşamaq, səyahət etmək, gözəl avtomobil idarə etmək olar - əsas odur ki, daxildə heç nəyin çatmadığını hiss etməyəsən. Bu an - "mənim hər şeyim var" hissi insanın xoşbəxtlik zirvəsidir. Və o, milyonlarla deyil, düşüncə tərzi ilə qazanılır.