Almaniyada
Dünya
604
16:10, Bu gün

Almaniyada "Putin partiyası" qalmaqalı

"Daxili İşlər naziri AfD-ni dövlətə xəyanətdə şübhəli sayır, partiya isə özünü təqib qurbanı kimi göstərir..."

AfD-yə qarşı casusluq və xəyanət iddiaları

Almaniya daxili işlər naziri Aleksandr Dobrindt ultrasağ "Almaniya üçün Alternativ" (AfD) partiyasını açıq şəkildə Rusiyaya yaxınlıqda və Vladimir Putinin maraqlarına xidmət etməkdə ittiham edib. Nazir "Das Handelsblatt" qəzetinə müsahibəsində bildirib ki, "AfD özünü Almaniyanın deyil, Putinin partiyası kimi aparır" və "onun davranışını dövlətə xəyanət adlandırmağı başa düşürəm".

"Deutsche Welle" nəşri yazır ki, bu bəyanat partiyanın bəzi deputatlarının, o cümlədən Markus Fronmayerin Moskvaya siyasi danışıqlar üçün səfər planlarından sonra səslənib. Fronmayerin 2018-ci ildə Yaltada keçirilən, Rusiya hakimiyyəti tərəfindən dəstəklənən iqtisadi foruma qatılması da ittihamların əsas səbəblərindən biridir.

Türingiya əyalətinin daxili işlər naziri Georg Mayer isə AfD deputatlarını parlament sorğularından sui-istifadə edərək ölkənin nəqliyyat, enerji və rəqəmsal infrastrukturuna dair məlumat toplamaqda günahlandırıb. Onun sözlərinə görə, bu, "Kremlin tapşırıqlar siyahısını xatırladır". AfD ittihamları rədd edir və hökuməti "müxalifəti susdurmaq cəhdində" günahlandırır. Partiyanın Türingiya lideri Byörn Hökke bildirib ki, "Mayerin heç bir sübutu yoxdur və bu, sadəcə siyasi qorxutmadır".

Almaniyanın daxili sabitliyi üçün təhlükə siqnalı

AfD-nin Moskva ilə mümkün əlaqələri təkcə siyasi deyil, həm də təhlükəsizlik baxımından ciddi siqnaldır. Partiyanın bəzi nümayəndələrinin Rusiyaya simpatiyası və hərbi, enerji infrastrukturu ilə maraqlanması Almaniyanın milli təhlükəsizliyi üçün risk hesab olunur.

Nazir Dobrindt AfD-nin xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət komitəsindən uzaqlaşdırılmasını zəruri sayır və partiyanın "sağ ekstremist təşkilat" kimi təsnif olunmasına hazırlıq gedir. Lakin o, partiyanın tamamilə qadağan edilməsini məqsədəuyğun saymır: "Belə addım AfD-yə qurban imici qazandırar və onu gücləndirər".

Hazırda AfD Almaniyanın şərq torpaqlarında seçicilər arasında populyarlığını qorusa da, federal səviyyədə bu qalmaqal partiyanın reputasiyasını sarsıdır. Əgər ittihamlar təsdiqlənsə, AfD yalnız parlamentdə deyil, Almaniyanın siyasi sistemində də "etimadsızlıq zonasına" düşəcək. Belə görünür ki, Almaniya siyasətinin yeni parçalanma xətti indi sağ populizm və Moskva simpatiyası arasında çəkilir və bu, Avropada rus təsirinə qarşı mübarizənin növbəti mərhələsinə çevrilə bilər.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər