Dünya
313
14:47, Bu gün

"Lukoyl" geri çəkilir: ABŞ sanksiyaları Rusiyanın enerji nəhəngini dünya bazarından sıxışdırır

"Şirkət beynəlxalq aktivlərini satışa çıxarır, Moskvanın enerji imperiyası daralır..."

Sanksiyaların yeni mərhələsi

Xəbər verildiyi kimi, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın iki əsas enerji şirkəti - "Rosneft" və “Lukoyl"a qarşı yeni sanksiyalar tətbiq edib. Bu qərar Rusiyanın "Ukraynada sülh prosesinə maraq göstərməməsi” və Putinin "mənasız müharibəni dayandırmaqdan imtina etməsi" ilə əsaslandırılıb.

"Deutsche Welle" nəşrinin yazdığına görə, nəticədə "Lukoyl" xarici aktivlərini satmaq məcburiyyətində qalıb. Şirkət artıq potensial alıcılardan təkliflər qəbul etdiyini açıqlayıb. Satış prosesi ABŞ-ın icazəsi ilə, yəni OFAC lisenziyası çərçivəsində həyata keçiriləcək. Hazırda sanksiya siyahısına 34 törəmə müəssisə daxil edilib, onlardan 28-i "Rosneft"ə, 6-sı isə "Lukoyl"a məxsusdur.

Eyni zamanda Böyük Britaniya da oktyabrın 15-də oxşar addım ataraq bu iki şirkətə qarşı maliyyə məhdudiyyətləri tətbiq edib. Yeni qərarlar Rusiyanın enerji ixracına ciddi zərbə vurur, çünki Avropa və ABŞ bazarlarında bu şirkətlərin fəaliyyətinə faktiki son qoyulur.

Rusiyanın enerji dayaqları sarsılır

"Lukoyl"u xarici aktivlərini satması Rusiyanın qlobal enerji strategiyası üçün dönüş nöqtəsi sayılır. Qərbin sanksiyaları təkcə gəlir mənbələrini deyil, həm də Kreml üçün mühüm siyasi təsir alətini zəiflədir.

ABŞ Maliyyə naziri Skott Bessentin sözləri ilə desək, "bu şirkətlər Kremlin hərbi maşınını maliyyələşdirir" və indi həmin mexanizmin dayanıqlığı sarsılır.

Beləliklə, "Lukoyl"un beynəlxalq arenadan çıxışı təkcə iqtisadi hadisə deyil - bu, Rusiyanın qlobal enerji şəbəkəsinin tədricən dağılmasının simvoluna çevrilir. Enerji nəhəngi indi sadəcə neft satmaq deyil, öz gələcəyini xilas etmək uğrunda mübarizə aparır.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər