Orban və Trampın enerji oyunu: Budapeşt Vaşinqtona yaxınlaşır, Kiyevdən uzaqlaşır
Dünya
895
28 Oct 2025 | 13:10

Orban və Trampın enerji oyunu: Budapeşt Vaşinqtona yaxınlaşır, Kiyevdən uzaqlaşır

"Budapeştin Vaşinqtona yönələn siyasəti Avropada Ukrayna məsələsində yeni parçalanma yarada bilər..."

Macarıstan baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampın Rusiya neftinə qarşı tətbiq etdiyi sərt sanksiyaları "həddən artıq addım" adlandırıb. Onun fikrincə, bu qərar Avropanın enerji sabitliyini pozur və dənizə çıxışı olmayan Macarıstan kimi ölkələri çətin vəziyyətə salır. 

Enerji sanksiyaları və "yeni xətt" axtarışı

"The Telegraph" nəşrinin yazdığına görə, Orban deyib ki, ölkəsi hələ də Rusiyadan enerji asılılığını azalda bilmir - bu asılılıq, əksinə, son illərdə daha da artıb. Budapeşt hələlik sanksiyaların real təsirini qiymətləndirir, lakin Orban artıq gələn həftə Vaşinqtonda Trampla görüşməyə hazırlaşır. Görüşün əsas məqsədi enerji məsələsində güzəştli mexanizmlər tapmaq və ABŞ-la münasibətləri gərginləşdirməməkdir.

"Politico" nəşrinin yazdığına görə isə, Orban eyni zamanda Avropa İttifaqı daxilində də öz siyasi blokunu formalaşdırmağa çalışır. Onun müşaviri Balaş Orbanın sözlərinə görə, Budapeşt Çexiya və Slovakiya ilə birgə "antiukrayna ruhlu" yeni ittifaq yaratmaq istəyir. Bu, Avropada Ukraynaya dəstək xəttini zəiflədə bilər. Polşanın artıq bu blokdan uzaq durması isə "Vışeqrad dördlüyü"nün dağılması və yeni siyasi xəttin - "Vışeqrad üçlüyü"nün yaranması kimi qiymətləndirilir.

Bununla yanaşı, Macarıstanda siyasi təzyiq artır: yeni müxalif "Tisa" partiyası hökuməti reytinqdə qabaqlayır, Brüssel isə Budapeştə qarşı hüquqi və maliyyə mexanizmləri işə salır. Bu səbəbdən Orban həm daxildə, həm də beynəlxalq səviyyədə yeni dayaqlar axtarır və bu dayaqlardan biri də Tramp ola bilər.

Orbanın "balans oyunu"nun riski və gələcəyi

Orbanın siyasəti Macarıstanı Avropanın əsas kursundan ayıraraq Vaşinqton və Moskva arasında "enerji körpüsü" roluna salır. Bu balans oyunu bir tərəfdən Budapeştə qısamüddətli siyasi manevr imkanı verir, digər tərəfdən isə uzunmüddətli təhlükə yaradır, çünki Macarıstan nə tam Brüsselə, nə də tam Vaşinqtona güvənə bilir.

Əgər Trampla görüş Budapeştin enerji məsələsində güzəşt qazanması ilə nəticələnərsə, Orban Avropada özünəməxsus siyasi manevr sahəsi yaradacaq. Amma ABŞ sanksiyaları daha da sərtləşdirərsə, o zaman Macarıstan həm enerji, həm də diplomatik baxımdan təcrid vəziyyətinə düşəcək. Beləliklə, Orbanın qarşısında iki yol var: ya Trampın dəstəyilə Avropada fərqli siyasi xətt formalaşdırmaq, ya da bu "balans oyunu"nda həqiqətən "həddən artıq addım atmaq".

Moderator.az

Link kopyalandı!
Son xəbərlər