Böyük Britaniyanın hökuməti noyabr ayının sonundan etibarən qeyri-leqal miqrantları hərbi kazarmalarda yerləşdirməyə başlayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" qəzeti ölkənin Daxili İşlər Nazirliyindəki (DİN) mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, gələn ilin sonuna qədər kazarmalara təxminən 10 min miqrantın köçürülməsi mümkündür.
Məlumata görə, söhbət Şotlandiyadakı İnverness şəhəri yaxınlığındakı hərbi bazanın kazarmalarından və İngiltərənin cənubunda Şərqi Sasseks qraflığındakı hərbi təlim düşərgəsindən gedir.
Britaniya hökumətinin planına görə, bu, büdcəyə düşən yükü azaltmalı və qeyri-qanuni miqrantların hotellərə yerləşdirilməsindən imtina etməyə kömək etməlidir. DİN, həmçinin hotellərdən daha ucuz və daha məqbul olan sənaye obyektləri və digər müvəqqəti yerləşdirmə variantları axtarır. Hazırda bir miqrantın hoteldə bir gün qalması Britaniyaya orta hesabla 108-144 funt sterlinq (144-192 dollar) başa gəlir.
Digər tərəfdən, məmurlar xəbərdarlıq edirlər ki, kazarmaların qeyri-qanuni miqrantların saxlanması üçün yenidən təchiz edilməsi hökumətə onların hotellərdə yerləşdirilməsindən daha baha başa gələ bilər. Onlar binaların asbestdən, torpaqların isə kimyəvi maddələrdən və partlamamış hərbi sursatlardan təmizlənməli olduğunu vurğulayıblar. Bundan əlavə, yaxınlıqda səhiyyə və təhsil müəssisələri yoxdur, yəni yerində infrastrukturu yenidən yaratmaq lazım olacaq.
Xatırladaq ki, oktyabr ayının ortalarında Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud miqrantların axını ilə əlaqədar Britaniyanın, digər Avropa ölkələri kimi, öz sərhədlərinə nəzarəti itirdiyini etiraf edib.