Fələstinin HƏMAS hərəkatı Misir xilasetmə qrupuna Qəzza zolağında öldürülən girovların cəsədlərinin yerləri barədə məlumat verib.
Moderator.az bildirir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verib.
Məlumata görə, radikallar Qəzza zolağında fəaliyyət göstərən Misir qrupuna girovların cəsədlərinin olduğu yerləri göstəriblər. Lakin HƏMAS tərəfindən göstərilən ərazilərdə konkret neçə İsrail girovunun cəsədinin ola biləcəyi bildirilməyib.
HƏMAS nümayəndəsi həmçinin qeyd edib ki, girovların cəsədlərinin dağıntılar altından azad edilməsi prosesinin başa çatmasında yeganə maneə xüsusi avadanlıq və mexanizmlərin olmamasıdır.
Qeyd edək ki, bir müddət əvvəl Misirdən olan xilasedicilər və hərbi mütəxəssislərdən ibarət qrup ölən İsrail girovlarının cəsədlərinin axtarışları və çıxarılması əməliyyatında iştirak etmək üçün Qəzzaya daxil olub. Qrup oktyabrın 25-də axşam saatlarında bölgəyə çatıb və İsrail hərbçilərinin nəzarətində olmayan ərazilərdə işləyəcək.
Bundan əlavə, Misir mütəxəssisləri iki illik silahlı münaqişədən qalan partlamamış hərbi sursatın (PHS) zərərsizləşdirilməsi ilə məşğul olacaqlar. Mənbələr xilasetmə qrupunun sayı və ya avadanlıqların növləri barədə dəqiq məlumat verməsələr də, onun missiyasının İsrail və ABŞ ilə sıx koordinasiya şəraitində həyata keçirildiyini qeyd ediblər.
HƏMAS siyasi bürosunun üzvü Musa Əbu Marzuk daha əvvəl bildirmişdi ki, hərəkat Qəzza zolağında tapa biləcəyi bütün girovların cəsədlərini İsrailə təhvil vermək niyyətindədir. Bundan əvvəl isə fələstinli radikallar qalıqların axtarışının çətinliklərlə üzləşdiyindən, o cümlədən anklavda genişmiqyaslı dağıntılar olduğundan bəhs etmişdilər.
Xatırladaq ki, 9 oktyabrda Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə İsrail və HƏMAS ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəllər təqdim edilən sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzzada atəşkəs rejimi 10 oktyabrda qüvvəyə minib. 13 oktyabrda HƏMAS və müttəfiqləri sağ qalan 20 israilli girovu azad ediblər və ölən 4 əsirin qalıqlarını təhvil veriblər. İsrail hakimiyyəti radikalların 28 cəsəddən yalnız dördünün geri qaytarılmasından narazılığını bildirib. Növbəti günlərdə HƏMAS daha bir neçə girovun cəsədini İsrailə təhvil verib. İsrail hakimiyyətinin məlumatına görə, radikallar 15 girovun qalıqlarını saxlamağa davam edirlər.