Kremlin xüsusi nümayəndəsinin Vaşinqton səfəri arxasında nə dayanır?
Xarici mətbuatın məlumatına görə, Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Vaşinqtona səfəri "ümidsiz" bir missiya kimi qiymətləndirilir. "The Telegraph" nəşrinin yazdığına görə, Dmitriyevin əsas vəzifəsi ABŞ-da Trampın Moskva ilə münasibətlərinə müsbət baxışını bərpa etmək olub, lakin hazırkı şəraitdə bu mümkün görünmür.
Səfər zamanı Dmitriyevin qarşısında yalnız Rusiyaya dost bəzi qanunvericilər olub, ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndələri isə səfərdə iştirak etməyib. Dmitriyev ABŞ mediasına verdiyi müsahibələrdə Rusiya iqtisadiyyatının "çox yaxşı vəziyyətdə" olduğunu və diplomatik yaxınlaşmanın mümkünlüyünü vurğulayıb.
Bu iddialar ABŞ maliyyə naziri Skott Bessеnt tərəfindən sərt şəkildə tənqid olunub. Bessent onu "Rusiya təbliğatçısı" adlandırıb və bildirib ki, Rusiyanın iqtisadi göstəriciləri müharibə şəraitində zəifdir, neft gəlirləri azalıb, Hindistan və Çin kimi əsas alıcılar artıq rus neftindən imtina ediblər.
Diplomatik nəticə və Kremlin mövqeyi
Dmitrievin səfəri faktiki olaraq Kremlin Vaşinqtonla münasibətlərdə narahatlığını nümayiş etdirir, amma diplomatik nəticə verməsi şübhəlidir. Səfər daha çox informasiya və təbliğat xarakteri daşıyır, real olaraq Moskva ABŞ sanksiyalarının təsirini yumşalda bilmir.
Bu isə Kremlin ABŞ-la iqtisadi və diplomatik münasibətləri bərpa etmək səylərinin uğursuz olduğunu göstərir və Trampın Moskva ilə münasibətlərə soyuq yanaşmasının davam etdiyini təsdiqləyir. ABŞ-ın sanksiyaları və neft bazarındakı vəziyyət Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərir və Moskvanın diplomatik manevr imkanlarını məhdudlaşdırır.
Moderator.az