Argentinada bu gün keçiriləcək parlament seçkiləri çərçivəsində xalq Nümayəndələr Palatasının yarısı və Senatın üçdə biri üçün səs verəcək.
Moderator.az yerli mediaya istinadən xəbər verir ki, ölkədə təxminən 36 milyon seçici 24 ştatda qurulacaq seçki məntəqələrində Nümayəndələr Palatasındakı 257 yerdən 127-sinin yenilənməsi və 72 üzvdən ibarət Senatda üçdə bir — yəni 24 yer üçün səs verəcək.
Seçki yerli vaxtla 08:00-18:00 aralığında keçiriləcək. 18-70 yaş arası vətəndaşlar üçün səsvermə məcburidir; 16-17 yaşlılar və 70 yaşdan yuxarı olanlar üçün könüllüdür.
Qeyd edək ki, seçki əsas Prezident Xavyer Mileyin liderlik etdiyi La Libertad Avanza (İrəliyən Azadlıq) ilə Peronist müxalifətin yaratdığı Fuerza Patria (Vətən Gücü) arasında olacaq.
Hakim partiya seçkilərdən qəti qələbə ilə çıxarsa, planlaşdırdığı islahatları sürətlə həyata keçirmək üçün Konqres üzərində nəzarət əldə etməyi hədəfləyir.
Bu seçkilər Milei hökumətinin siyasi gələcəyi baxımından kritik əhəmiyyət daşıyır və nəticələr eyni zamanda Mileiyə ictimai dəstəyin göstəricisi olacaq.
Seçkilər yalnız daxili siyasət baxımından deyil, həm də xarici münasibətlərdə müəyyənedici olacaq.
Xüsusilə ABŞ prezidenti Donald Trampın təsirinin hiss olunduğu ABŞ-la münasibətlər bu prosesdə diqqətlə izlənir.
ABŞ-ın Argentinaya göstərdiyi maliyyə dəstəyi və bu dəstəyin seçki nəticələri ilə əlaqələndirilə biləcəyi barədə qiymətləndirmələr aparılır.
İqtisadi baxımdan da seçkilərin nəticəsi böyük əhəmiyyət kəsb edir. İnvestor etibarı, milli valyutanın dəyəri və islahatların həyata keçirilmə imkanları kimi amillər seçkilərlə birlikdə formalaşacaq.