"Rus və çin qadınları ABŞ alimləri ilə evlənərək texnoloji sirrləri ələ keçirməyə çalışır..."
Rusiya və Çin ABŞ-a qarşı qeyri-adi üsulla - "seksual casusluq" taktikası ilə müharibə aparır.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Kreml və Pekin cazibə silahından istifadə edir
Qəzetin yazdığına görə, cazibədar rus və çin qadınları Silikon vadisində çalışan mühəndislər, alimlər və texnoloji startap rəhbərləri ilə yaxınlıq quraraq onlardan məlumat toplamaq üçün istifadə olunur.
İddialara əsasən, məqsəd yalnız qısamüddətli əlaqə deyil, həm də bu mütəxəssislərlə evlənmək və hətta "uşaq vasitəsilə" uzunmüddətli nəzarət yaratmaqdır. Qəzetdə sitat gətirilən mənbələrdən biri, "Pamir Consulting" şirkətinin rəhbəri Ceyms Malvenon bildirib ki, "LinkedIn" üzərindən ona çoxsaylı, eyni tipli "gənc çin qadınlarından" mesajlar gəlir və bu, "sistemli fəaliyyət" təəssüratı yaradır.
Malvenon bunu "asimmetrik üstünlük" adlandıraraq, ABŞ cəmiyyətinin bu cür metodlara qarşı qanunvericilik və mədəni məhdudiyyətlər səbəbindən zəif dayandığını deyib.
"Casus nikahlar": Qərb mediası köhnə stereotipləri dirildir
"The Times" yazır ki, bu taktika təkcə Çinlə məhdudlaşmır, oxşar üsullar Rusiyaya da aid edilir. ABŞ əkskəşfiyyat dairələrinin adını çəkməyən nümayəndələri iddia edir ki, bir rus qadın aero-kosmik şirkət əməkdaşı ilə evlənərək uzun illər casus kimi fəaliyyət göstərib. Onun keçmişdə "yumşaq güc məktəbi"ndə təhsil aldığı və sonradan kriptovalyuta sahəsində "mütəxəssis" kimi ABŞ-a qayıtdığı qeyd olunur.
Bu hekayələr Qərb mətbuatında sensasiya effekti yaratsa da, bir çox ekspertlər bunları "soyuq müharibə" fantaziyası" adlandırır. Rusiya və Çin tərəfləri bu iddiaları "cəfəng" və "paranoyanın nəticəsi" kimi qiymətləndiriblər. Məsələn, Rusiya mətbuatı yazır ki, Qərb mediası daxili problemlərinə xarici "günahkar" axtarışını davam etdirir, belə uydurmalar isə ictimai diqqəti ABŞ-dakı real qalmaqallardan yayındırmaq məqsədi daşıyır.
Həmin qalmaqallardan biri, Trampa qarşı istintaq aparmış keçmiş xüsusi prokuror Cek Smitin respublikaçı qanunvericilərin telefon danışıqlarını izləməsi ilə bağlıdır. Belə faktlar, analitiklərin fikrincə, ABŞ-da gizli nəzarət sistemlərinin artıq öz vətəndaşlarına yönəldiyini göstərir.
"Silikon vadisində casusluq müharibəsi" və yeni texnoloji qorxu
"The Times"-ın iddiasına görə, Çin kəşfiyyatı "seksual müharibə" ilə yanaşı, iqtisadi və texnoloji sahələrdə də fərqli üsullardan istifadə edir. Məsələn, guya Çin hakimiyyəti beynəlxalq startap müsabiqələri təşkil edir, iştirakçılardan biznes-plan və intellektual mülkiyyət məlumatı toplayır, daha sonra qalibləri Çində istehsal yaratmağa təşviq edir.
Amerikalı ekspertlər isə bu iddiaları "təhlükəsizlik narahatlığı ilə iqtisadi rəqabətin qarışığı" adlandırır. Onların fikrincə, ABŞ texnoloji hegemoniyasını itirmək qorxusunu "kəşfiyyat müharibəsi" ritorikası ilə kompensasiya etməyə çalışır.
Bəzi Qərb tənqidçiləri isə açıq şəkildə bildirir ki, "The Times" kimi nəşrlər artıq fakt yox, ideoloji hekayələr satır. "Gözəl qadınların casus kimi təsvir olunması "soyuq müharibə" dövrünün köhnə miflərinin müasir versiyasıdır", - "Foreign Policy" üçün yazan tədqiqatçı Devid S. Lourens qeyd edib.
Qorxu, miflər və reallıq
"The Times"ın "seksual müharibə" hekayəsi bir tərəfdən ABŞ-ın artan texnoloji narahatlıqlarını, digər tərəfdən isə Qərb mediasının Rusiyaya və Çinə qarşı yenilənmiş soyuq müharibə ritorikasını əks etdirir. Realllqda isə bu ittihamların sübutu yoxdur, amma siyasi cəhətdən faydası böyükdür: ictimai rəyin diqqəti real iqtisadi və siyasi problemlərdən yayındırılır, kənardan "cazibəli düşmən obrazı" yaradılır.